Konfrans Liqasının oyununda insident qeydə alınıb. Yolverilməz hadisə Yunanıstanda keçirilən matçda baş verib.
“Football-plus.az” xəbər verir ki, “Aris” – “Dinamo” (Kiyev) oyununda yerli azarkeşlər siyasi aksiya keçiriblər. Yunan fanatlar antinasist xarakterli banner qaldırıblar. Bannerin üzərinə “Azov nasistlərini darmadağın edin” cümləsi yazılıb. Doğrudu, bir müddət sonra banner yığışdırılıb. Saloniki şəhərində keçirilən matç “Aris”in minimalhesablı qələbəsi ilə nəticələnib. UEFA-nın bu insidentlə bağlı təhqiqata başlayıb-başlamayacağı haqda məlumat verilmir.
Yeri gəlmişkən, bu həftə Çempionlar Liqasında keçirilməli olan, lakin rəqib azarkeşlərin qarşıdurmasına görə təxirə salınan AEK – “Dinamo” (Zaqreb) matçı ilə bağlı araşdırma davam edir. İnsident Yunanıstanda qeydə alındığı üçün yerli hakim dairələr də narahatdılar. Bu səbəbdən Yunanıstanın baş naziri Kiriakos Mitsotakis avqustun 16-da UEFA-nın prezidenti Aleksander Çeferinin də iştirakı ilə yerli klubların sahibləri ilə görüş keçirəcək.
Xatırladaq ki, Afinadakı qarşıdurmalar nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb və 105 azarkeş saxlanılıb.