Misli premyer-liqasının ilk turunun ən gözlənilməz nəticəsi “Sabah”ın “Qəbələ” üzərindəki darmadağınıdı – 5:0!
"Football-plus.az" xəbər verir ki, matç bitər-bitməz “qırmızı-qaralar”ın sosial şəbəkə hesablarına axışan azarkeşlər klubu tənqid atəşinə tutdu. Bu isə gözlənilən idi. Çünki Masazır təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Omoniya”ya ümumi hesabda 3:7 uduzan qəbələlilərin yarasına duz basmışdı. İndi avrokuboklarda mübarizəni dayandıran “Qəbələ”ni 2-ci turda “Araz-Naxçıvan”la gərgin oyun gözləyir. Bölgə təmsilçisi bu dəfə də evə məğlub dönsə, çox güman, daha ağır təzyiqlə qarşılaşacaq.
Görəsən, klub düşdüyü durumdan necə yaxa qurtaracaq? Planda hansı yeniliklər var? Azarkeşləri narahat edən məsələlər nə vaxt həllini tapacaq? “Qəbələ”nin baş meneceri Nail Kərimovla söhbətdə yuxarıdakı suallara cavab aradıq.
- Komanda Konfrans Liqasına vəsiqə uğrunda böyük güc sərf etmişdi. Təəssüf ki, ilk rəqiblə bacara bilmədi, çempionata da uğursuz başladı. Narazı azarkeşlərin sayı durmadan artır...
- Bizim üçün hər şey geridə qalıb. Önümüzə baxmağa məcburuq. Başverənlərin ab-havasında qalmaq heç nə qazandırmaz. Bu haqda danışmaq əvəzində işimizi ortaya qoyaraq azarkeşlərimizi sevindirmək istəyirik.
- Qapıçı Kristof Atanqana yeni mövsümün 3 rəsmi matçında 12 qol buraxıb. Komandanın durumu ilə bağlı iradlar daha çox ona ünvanlanır. Yeni qapıçı transferi nəzərdə tutulub?
- Xeyr. O mövqe ilə bağlı işlər yekunlaşıb. Biz Atanqananın bacarığını son iki mövsümdə gördük. Yaxşı qapıçıdı. “Çərçivə”dən keçən top ona qədər digər futbolçularımızdan keçir. Məhz qapıçını günahlandırmaq düzgün deyil. Ümumi komandada bəzi çatışmazlıqlar nəzərə çarpır. İnanırıq ki, qarşıdakı turlarda daha güclü “Qəbələ” görəcəyik.
- Hələ ki “transfer pəncərəsi” açıqdı. Bundan yararlanmaq planınız var?
- Bizə xüsusilə hücumçu lazımdı. Təəssüf ki, büdcəmiz buna imkan vermir. Maliyyə əldə edən kimi heyəti daha da gücləndirəcəyik.
- Maliyyə demişkən, klubun imkanlarının məhdud olduğu sirr deyil. Yaxın günlərdə sponsor məsələləri haqda şad xəbər gözlənilir?
- Hələ ki danışıqlar davam edir. İmzalar atılmadığından nəsə demək doğru olmaz. Alına da bilər, alınmaya da... Onu deyə bilərəm ki, maddi durumun yaxşılaşması üçün əlimizdən gələni edirik.
- Mövsümdən əvvəl “Futbol+”ə demişdiz ki, ilk “4-lük” uğrunda mübarizə aparacaqsız. Uğursuz nəticələr hədəfləri dəyişməyib?
- Xeyr. “Qəbələ”nin arzusu sabitdi. İnşallah, yenidən Konfrans Liqasına vəsiqə üçün “vuruşacıq”.
- “Qəbələ” – “Omoniya” matçında baş məşqçi Elmar Baxşıyevi çox yaxşı ab-havada gördüm. Məğlubiyyətdən sonra belə gülərüz idi. Lakin Cənubi Kiprdə və Masazırda əhval-ruhiyyəsi ürəkaçan deyildi...
- O, komandanın dirçəlişi üçün çox əziyyət çəkir. Güclü iradəyə sahib mütəxəssislərdən biridi. Məğlubiyyəti həzm etmək bütün “Qəbələ” üzvləri üçün çətindi. İnanın ki, heç birimiz hələ özümüzə gəlməmişik.
KƏNAN BAHADIR