Misli premyer-liqasında 34-cü tura “Sumqayıt” – “Sabah” matçı ilə yekun vuruldu. Bununla da mövsümün başa çatmasına cəmi iki tur qaldı.
Son nəticələrə görə ölkə çempionluğunu rəsmiləşdirən “Qarabağ” Çempionlar Liqasında, “Sabah”la “Neftçi” isə Konfrans Liqasında çıxış edəcək.
Öz növbəsində turnir cədvəlinin 4-5-ci yerlərində qərarlaşan “Qəbələ” ilə “Zirə”nin Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizəsi davam edir. Son matçda “Turan Tovuz”a 1:2 hesabıyla məğlub olan bölgə təmsilçisi “Kəpəz”lə heç-heçə edən (1:1) zirəlilərin ümidlərini artırdı. Elmar Baxşıyevin komandasını 35-ci turda “Şamaxı”, 36-da isə “Kəpəz” ilə qarşılaşma gözləyir. Bakı təmsilçisi uyğun olaraq “Sabah” və “Sumqayıt”la münasibətləri aydınlaşdıracaq. Hələ ki turnir cədvəlində rəqibdən 2 xal öndə olan “Qəbələ” Konfrans Liqasına daha yaxın görünür. Təbii ki, premyer-liqanı tərk etmək ehtimalı yüksək olan “Şamaxı” və futbol ənənələri ilə ölkədə ad-san qazanan “Kəpəz” icazə versə... “Radarlar”ın kubokun finalına yüksəldiyini də unutmayaq.
Görəsən, sözügedən klubların azarkeş qrupları komandalarının bundan sonrakı taleyini necə dəyərləndirir? “Qəbələ”nin əb böyük fanklubu “Red Black Army”nin təsisçilərindən Nəriman Təbrizlinin fikirlərini öyrəndik:
“Komanda yaxşı vəziyyətdədi. Həm premyer-liqadakı performansı, həm ölkə kubokunun finalına vəsiqə qazanması, həm də Konfrans Liqasında iştirak ehtimalı bizi sevindirir. Əvvəlki illər olsaydı, fanklubun tələbləri daha ciddi olardı. Son vaxtlar “Qəbələ”nin məhdud büdcə ilə çıxış etməsinin fərqindəyik. Bu üzdən xüsusi tələbimiz yoxdu. Təki baxımlı oyun sərgiləsinlər. Hiss edək ki, komanda qalib gəlmək üçün meydanda can qoydu. Məsuliyyətli yanaşıb əllərindən gələni edəndən sonra alınmasa, nəticə ilə barışmağa hazırıq. Əksi alınsa, təbii ki, möhtəşəm olar. Azarkeşlər olaraq pis ehtimallar haqda düşünmürük. Klubu daha güclü edən amillərdən ən önəmlisinin maliyyə olduğunu dərk edirik. Komandanın hazırkı maliyyə ilə bu yerlərə gəlib çıxması belə böyük uğurdu. Qarşıdakı oyunlara gəlincə, “Zirə”nin “Qəbələ” ilə sonadək mübarizə apara biləcəyini düşünmürəm. “Sabah”la matçda, çox güman, məğlub olacaqlar. Masazır təmsilçisinə səfərdə qalib gəlmək çətindi. Hər halda, elə qarşıdakı turda “Şamaxı”nı məğlub etməklə Konfrans Liqasına vəsiqə qazanacağıq. Amma yenə deyirəm, bu baş verməsə belə, “Qəbələ”yə dəstək verməyə davam edəcəyik. Bu şəraitdə kömək etmək və tək hiss etdirməmək tələblərdən öndə gəlir. Klubdan razıyıq”.
“Zirə”nin azarkeşlərlə əlaqələndiricisi Elgün Cəfərli isə bunları dedi:
“Tərəfdarlarla bu haqda söhbətlərimiz olub. Komandanın Konfrans Liqasına vəsiqə qazanacağına inanırıq. Olmasa da, eybi yox. Azarkeşlər həmişə – pis və yaxşı günlərdə “Zirə”nin yanındadı. Son ana qədər dəstəkləməyə davam edəcəklər. Bütün tərəfdarlar əllərindən gələn qədər tribunalarda dəstək olmağa çalışır. Əsl azarkeş qeydə alınan hesaba yox, komandanın adına, performansına görə qiymət verir. Ən pis ehtimalda məğlubiyyətlə də barışmağa hazırıq”.
KƏNAN BAHADIR