Rusiyanın dünyaca məşhur şüvüllə tullananı, ikiqat olimpiya çempionu Yelena İsinbayeva srağagün Putinin əsas siyasi təşkilatlarından Ümumrusiya xalq cəbhəsinin mərkəzi qərargah üzvlüyündən xaric olunub. Ümumiyyətlə, son aylarda İsinbayeva ətrafında qəribə durum yaranıb.
"Football-plus.az" xəbər verir ki, Rusiyanın ötən ilin fevralında başlatdığı ədalətsiz müharibəni dəstəkləmədiyinə görə ölkəsində az qala vətən xaini kimi qəbul olunur. Rusiya Olimpiya Komitəsinin (ROK) rəhbəri Stanislav Pozdnyakov da srağagün bu məsələ ilə bağlı danışıb:
“Heç kimin tərəfini tutmaq istəmirəm. Yelena son iki ildə ROK-un İcraiyyə Komitəsinin üzvü öhdəliklərindən uzaqlaşıb. Biz onu artıq çoxdan bu qurumda görmürük”.
Ümumiyyətlə, İsinbayeva kimdi, indiyə qədər Rusiyanın idman və ictimai-siyasi həyatında nə ilə yadda qalıb? Həmkarımız Araz Altaylının bununla bağlı yazısını oxumağa dəyər.
Rusiya ictimaiyyəti, xüsusilə də onun, çörəyi, rahatlığı ura-vətənpərvərlikdən qidalanan elitası o qədər militarlaşıb, müharibəyə köklənib, şovinistləşib ki, “Rusiya” deyən, ondan əvvəl “böyük” deməyənlərə, sülhdən danışanlara, Ukraynaya azacıq mülayim yanaşanlara düşmən kəsilir, başını tələb edir.
Hazırda linç olunmaq növbəsi məşhur idmançı Yelena İsinbayevaya çatıb. İdman ictimaiyyəti, eləcə də onlara qoşulan başqa zümrələr İsinbayevanın özünü “dünya vətəndaşı” adlandırmasına və ona verilən hərbi rütbə ilə bağlı açıqlamasına sərt reaksiya verməkdədi. Bu reaksiya o qədər şiddətli, amansız və haqsız olub ki, hətta belə kampaniyaların körükçüsü olan Kremlin sözçüsü, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da dilə gəlib, deyib ki, İsinbayeva heç kimi qınamayıb, tənqid etməyib. Ardınca Peskov deyib ki, biz nəyin müzakirə olunduğunu bilmədən, sadəcə, bu yaxınlarda fəxr etdiyimiz idmançının üstünə düşmüşük. Yaxşı ki, bir normal düşünən adam tapılıb və o (Peskov) deyib ki, beynəlxalq yarışlarda İsinbayevanın şərəfinə Rusiyanın himni dəfələrlə səsləndirilib.
Bundan bir az əvvəl Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin Yelenanın hərbi rütbəyə münasibətini pisləmiş və demişdi ki, İsinbayeva heç vaxt Rusiya ordusunda xidmət etməyib, mayor rütbəsini də Mərkəzi Ordu İdman Klubundakı çıxışına görə alıb.
Yelena Hacıyevna İsinbayeva isə Rusiyanın himnini, Peskovun dediyi kimi, “neçə dəfə” çaldırmayıb, dövlət bayrağını iki-üç dəfə qaldırmayıb. Bu qadın ikiqat olimpiya çempionudu (2004, 2008), 2012 Olimpiadasının isə bürünc mükafatçısı olub. Ayrıca o, üç dəfə açıq havada dünya çempionu və 4 dəfə qapalı məkanda dünya çempionu, həm açıq havada, həm də qapalı məkanda Avropa çempionudu, şüvüllə tullanmada 28 dünya rekordunun sahibidi, toplamda 12 qızıl medalı var.
2005-ci ildə Londonda keçirilən yarışlarda qadınlar arasında ilk dəfə beş metr hündürlüyü aşıb, 2008-ci ildə keçirilən Pekin Olimpiadasında isə dünya rekordu müəyyənləşdirib - 5,06 m. Bu o deməkdi ki, öz idman növünün tarixində indiyədək heç kim Yelenadan hündürə tullanmayıb.
Yelena 1982-ci il iyunun 3-də Volqoqradda anadan olub. Atası Hacı İsinbayev Dağıstanın Xiv rayonunun Çuvek kəndindəndi, milliyyətcə tabasarandı, santexnik işləyir. Anası rusdu, evdar qadın olub və vəfat edib.
Yelena 2002-ci ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasına daxil olub, 2005-ci ildə bədən tərbiyəsi müəllimi diplomu alıb, daha sonra, 2009-cu ildə Moskva Dövlət Universitetinin incəsənət tarixi fakültəsində təhsil alıb, 2010-cu ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasında namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi olub. Bir müddət Monakonun Monte Karlo şəhərində yaşayıb. Sonra Volqoqrada qayıtmaq qərarına gəlib. 2013-cü ildə o, idmanın inkişafı üçün şəraitin olmamasından və bölgənin sosial əlverişsizliyindən şikayət edərək, Monakoya qayıtmaq niyyətini açıqlayıb. MOİK-də atletika təlimatçısı işinə cəlb edilən İsinbayevaya hərbi rütbə buna görə verilib. 2016-cı ilin avqustunda Rusiyada qalmaq niyyətini açıqlayıb. 2018-ci ilin prezident seçkisi zamanı Vladimir Putini dəstəkləyən və “Putin team” adlanan hərəkatın üzvü olub. Prezident Putin də, sabiq prezident Dmitri Medvedev də ona böyük rəğbətlə yanaşdıqlarını gizlətməyiblər.
Yelena ailəlidi, bir oğlu, bir qızı var. Bu yaxınlarda İspaniya mətbuatı xəbər verib ki, İsinbayeva ailəsi ilə birlikdə Tenerife adasına köçüb və onun bir penthausu, iki villası var. Daha sonra İsinbayeva özünü "dünya vətəndaşı" adlandırıb və Rusiya ictimaiyyəti buna görə çox qəzəblənib. Guya indiki şəraitdə heç bir rus “dünya vətəndaşı” ola bilməz, yalnız “vətənpərvər rus” olmalıdı.
Bu qadın titulları, medalları, fəxri adları, nəhayət, varidatı asanlıqla qazanmayıb. O, uzun illər ağır və təhlükəli məşqlər etmək, yorulmaq bilmədən öz üzərində işləmək hesabına, şəxsi iradəsi və ola bilər ki, qanı-geni sayəsində bu zirvəyə yüksəlib. İndi isə ruslar hesab edirlər ki, İsinbayevanın uğurlarında hansısa şəkildə vətənin, şəxsən onların böyük rolu var. Ən pisi odu ki, İsinbayevanın həmkarları olan, müxtəlif növlərdə yarışan rusiyalı idmançılar da ölkə idman tarixinin ən titullu idmançılarından birini 5,06 metrlik hündürlükdən yerə, həm də tatami üzərinə yox, daş plitəyə çırpmaq istəyirlər. Ona görə ki, o, militarist deyil, sülhpərvərdi. Ümumiyyətlə, son ilyarımda, Ukrayna ilə müharibə başlayandan bəri “rus vətənpərvərlər” və onların havadarları ölkənin ən yaxşı sənətçilərini, ən yaxşı ziyalılarını, ən yaxşı idmançılarını az qala mənəvi terror edərək küncə qısnayıblar və bir çoxu təzyiqə dözməyərək başqa ölkələrə sığınıb. Tabasaranlı Hacı kişinin qızı da onlardan biridi…