Bildiyiniz kimi, Rusiyanın bütün yaş qrupu üzrə yığmaları, eləcə də klubları FİFA və UEFA bayrağı altında keçirilən turnirlərdən uzaqlaşdırılıb.
Hətta Rusiya yığması ilə yoldaşlıq oyunları keçirməyə razılaşan komandalar da ciddi ictimai qınaqla üzləşir. Qadağaların səbəbi isə Rusiyanın Ukrayna ilə bağlı işğal planlarıdı.
Ötən ilin son günlərində UEFA üzvləri sırasından çıxmağı, Asiya futbol ailəsinə qoşulmağı fəal şəkildə müzakirə edən Rusiya Futbol İttifaqının (RFİ) rəhbərliyi sonradan də düşündüsə, prosesləri ləngitməyə qərar verdi. Əslindi indiki durumu belə də ifadə etmək olar: ruslar hələ də UEFA-dan əlini üzməyib, bu qurumun mərhəmətinə, güzəştinə ümid bəsləyirlər. Yanvarın 24-də UEFA-nın ofisində bu qurumun nümayəndələri ilə RFİ təmsilçiləri arasında görüş keçiriləcək. Rusiya qaynaqlarına inansaq, görüşdə Rusiya klublarının və yığmalarının beynəlxalq oyunlara mümkün dönüşü müzakirə olunacaq. RFİ-ni görüşdə baş katib Maksim Mitrofanov və vitse-prezident Aleksandr Alayev təmsil edəcək.