Kaşuk axır ki “Şaxtyor”a qoşuldu

18.07.2023 01:17 400
Aktual
“Sabah”ın son mövsümdə 2-ci yeri tutmasında müstəsna əməyi olan, amma bu klubla icarə müqaviləsinin müddəti bitən Aleksey Kaşuk ətrafında müəmmalı durum davam edir. Azərbaycan çempionatında 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalan 22 yaşlı vingeri burda saxlamağın çətinliyi hər kəsə bəllidi. “Football-plus.az” xəbər verir ki, ardından U-21-lər arasında Avropa çempionatının final mərhələsində də xoş təsir bağışlayan Kaşukun karyerasını harda davam etdirəcəyi bilinmir. Onun şərəfini qoruduğu Ukrayna gənclər yığması yarımfinalda İspaniya önündə darmadağın (1:5) olsa da, Paris Olimpiadasına vəsiqə qazana bildi. Qitə birinciliyi başa çatandan sonra dincələn Kaşuk, nəhayət, Niderlandda toplanış keçən “Şaxtyor”un düşərgəsinə qoşulub. Onun Donetsk klubu ilə müqavilə müddətinin gələn ilin iyununda bitəcəyini də xatırladaq. Yeri gəlmişkən, AÇ-dən sonra Kaşukun qiyməti bir qədər də artıb. Məşhur “transfermarkt.com” artıq ona 1,8 milyon avro qiymət qoyub ki, bu da əvvəlki ilə müqayisədə 800 min artıqdı.
“Şaxtyor”un bu gün “Ayaks”la yoldaşlıq oyunu keçirəcəyini də xatırladaq. Kaşukun da meydana çıxması mümkündü.
ORXAN