Kaşuku it yuvasında kim saxlayıb?

8.07.2023 15:12 716
Dünya futbolu
Karyerasını “Sabah”da davam etdirib-etdirməyəcəyindən asılı olmayaraq, Aleksey Kaşuk bu yayı daim xoş hisslər ilə xatırlayacaq.

Axı onun da heyətində olduğu Ukrayna yığması U-21-lər arasında Avropa çempionatında yarımfinala qədər irəlilədi.

“Football-plus.az” xəbər verir ki, bu gün keçiriləcək final oyununda İngiltərə və İspaniya yığmaları qarşılaşacaq. Ukrayna isə yarımfinalda məhz İspaniy önündə darmadağın oldu – 1:5. Hesabı 13-cü dəqiqədə Bondarenko açsa da, “qırmızı furiya”nın gəncləri bir-birinin ardınca 5 qol vurub. Ukraynalıların baş məşqçisi Ruslan Rotan isə acınacaqlı məğlubiyyətin yalnız oyunla bağlı səbəblərdən irəli gəlmədiyini düşünür. İş ondadı ki, iyulun 2-də 1/4 finalda Fransaya 3:1 hesabıyla qalib gələn Ukrayna yığması bu oyunun keçirildiyi Klujdan Buxarestə uçarkən çətinliklərlə üzləşib. Rotanın fikirləri:

“Fransa ilə oyundan sonra bura necə gəldiyimizi anlamıram. Əslində Buxarestə uçmaq üçün yarım gün sərf etdik. Hava limanında, hansısa it yuvasında bizi 5 saat saxladılar. Uçuşun bu qədər yubanması anlaşılmazdı, biz bir növ anqarda qapalı qaldıq. Bərpa əvəzinə 5 saat hava limanında saxlanıldıq. Səhər saat 1-də otelə çatdıq. Belə bir turnirdə bu mənim üçün müəmmalıdı”.


Onu da əlavə edək ki, Kaşuk İspaniya ilə oyunun 2-ci hissəsində, hesab artıq ispanların xeyrinə 2:1 olarkən meydana çıxıb.

ORXAN