“Kəpəz” sabah ölkə çempionatının 4-cü turunda “Şamaxı”nı qəbul edəcək. Bu oyun da yenilənmiş Gəncə Şəhər Stadionunda keçiriləcək.
Məlum olduğu kimi, yeni stadionda ilk ev oyunu “Turan Tovuz”a qarşı oldu, ən ucuz bilet 3 manata satıldığı halda (5, 10, 20 manata da bilet var idi), tribunalarda izdiham yaşandı, hamı Gəncədən danışdı, yazdı və çəkdi. “Şamaxı” ilə oyunun bilet qiyməti təxminən iki dəfə aşağı salınıb: 3 manatlıqlar 2, 5 manatlıqlar 3, 10 manatlıqlar 5 manata endirilib. Klubun açıqlamasına görə, azarkeşlərin marağı və istəyi nəzərə alınaraq satışa daha ucuz biletlər çıxarılıb.
“Kəpəz” dünən 4 min bilet satıldığı açıqlamışdı, bu gün isə satılan biletlərin sayı 5500-ə çatıb. Yəni bir gündə cəmi 1500 artım qeydə alınıb. Deməli, açılış matçının səbəb olduğu xüsusi atmosferlə adi çempionat qarşılaşmasına marağı bir-birindən ayırmaq lazımdı.
Üstəlik ötən matçdan əvvəl klubun sabiq mətbuat katibi Gəray Qiyasov biletlərin qiymətinin münasib olduğunu bildirmişdi. İndi qiymətlərin aşağı salınması istər-istəməz həmin açıqlamanı yenidən gündəmə gətirir. Klubun bu dəfə qiymət siyasətinə düzəliş etməsi göstərir ki, əvvəlki qiymətlər azarkeşləri narazı salıb.
İndi əsas məsələ 5500 rəqəminin oyun saatına qədər nə qədər artacağıdı. Belə çıxır ki, bu dəfə Gəncədə anşlaq olmayacaq?!
İSRAYIL XEYRULLAYEV
13500 hara, 5500 hara?! - Gəncədə 5 gündə futbola maraq niyə azaldı?
Ölkə futbolu / Manşet






