AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla müsahibənin ilk hissəsi ictimaiyyət arasında böyük maraq doğurdu.
"Football-plus.az" olaraq Erkin bəylə söhbətdə öyrəndik ki, artıq Azərbaycan futbolunda primitiv məqamlara görə cəzalar olmayacaq. İndi isə müsahibənin ikinci hissəsini təqdim edirik.
- Son vaxtlar hakim səhvləri müzakirə mövzusuna çevrilib. Bununla bağlı tez-tez neqativ söhbətlərə rast gəlirik. Bu haqda nə deyə bilərsiz?
- Hakim robot deyil. İnsan yaşadığı dövrdə çox səhv buraxa bilər. Hakim səhvləri bütün dünya stadionlarında olub və olacaq. Bu gün bizim hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri qitəmiqyaslı oyunlara müntəzəm təyinat alır. Bu, onlara verilən qiymətdi. Keçmişdə hakimlərimizin adı heç bir dəftərdə yox idi. Mərhum Tofiq Bəhramovla Eldar Əzimzadədən başqa hansı hakimimiz xaricdə oyun idarə edirdi? Onlardan başqa hansı beynəlxalq dərəcəli hakimimiz tanınırdı? Nəyə görəsə biz həmişə özümüzdə səhv axtarırıq. İnkişafımız arxa planda, kölgədə qalaraq yada düşmür. Gəlin bəzi komandaların peşəkarlıqdan kənar göstərdiyi oyunların nəticələrini hakimlərimizin üzərinə atmayaq. Görüş ərzində stadionlarda onlara olan təzyiqlər göz qabağındadı. Ailədə uşaqdan biri mütləq dəcəl və ya qorxaq olur. Yəni demək istəyirəm ki, bir-iki hakim səhvinə görə bütün referilərimizə eyni qiymət vermək düzgün olmazdı. Bizdə VAR sistemi hələ ilk addımlarını atır. Bu təcrübə illərlə toplanmalıdı. Gənc hakimlərə bəzən oyunun ruhunu tutmaq çətin olur. Bu da başadüşüləndi. Hakimlərin idarəçiliyinə azarkeş gözü ilə qiymət verilməməlidi. Bəzi “mütəxəssislər” hakimlər barədə lazımsız fikirlər söyləyərək ictimaiyyəti və azarkeşləri çaşdırır. Onları ancaq oyun qaydalarını mükəmməl bilən mütəxəssislər qiymətləndirsə, yaxşı olar. Nə edək? Çempionatımıza xaricdən hakim dəvət edək? Yoxsa özümüzkiləri inkişaf etdirək? Məncə, axırıncı fikir düzgün olar.
- İntizam Məcəlləsinin yenilənməsi futbolumuzun inkişafına necə təsir göstərə bilər? Mütəxəssis kimi inkişaf yolunu nədə görürsüz. Azarkeşləri stadionlara necə qaytarmaq olar?
- Məcəllənin yenilənməsi futbolun inkişafına təsir göstərmir, sadəcə, hüquq normalarını tənzimləyir. Futbolun inkişafını klublar, futbolçular formalaşdırır. İnkişaf göz qabağındadı. Bayrağımız FİFA və UEFA-da dalğalanır. Futbolumuzun reytinqi ildən-ilə artmaqdadı. Klublarımız hər il beynəlxalq oyunlarda təmsil olunur. Bütün sahələrdə olduğu kimi, futbolumuz da inkişafdadı. Dövlət başçısı İlham Əliyev cənablarının bütün idman növlərinə göstərdiyi qayğı göz qabağındadı. Onun əvəzolunmaz zəhməti sayəsində himnimiz dünyada səslənir. Bayrağımız bir çox arena və stadionlarda dalğalanır. Azərbaycan bir çox möhtəşəm idman yarışlarını nümunəvi şəkildə keçirərək dünyaya səs salıb.
Bir çox dövlətlər ölkəmizdən nümunə götürür. Bu, müstəqillik dönəmində idmanımızda olan inqilabdı. Cənab Prezident tərəfindən açılan stadionlar və idman arenaları buna əyani sübutdu. İdmançılarımız nəinki arenalarda, 44 günlük Vətən müharibəsi zamanı da özlərini əsl qəhrəman kimi göstərərək, başqa öğullarımızla birgə qızıl hərflərlə tarix yazdılar. Şəhid futbolçu və başqa idmançı qəhrəmanlarımıza Allah rəhmət etsin. AFFA və PFL-in gördüyü müsbət işləri də danmaq olmaz. Bu futbol ailəsində gecə-gündüz vicdanla çalışan şəxslər var. Ancaq nəyə görəsə bu inkişafı görməyən, irəliləyişə kölgə salmaq istəyənlər var. Bizim millət maksimalistdi. Bu hardasa yaxşı xüsusiyyətdi. Biz istəyirik ki, qısa müddətdə futbolda dünya, Avropa çempionu, Çempionlar Liqasının qalibi olaq. Məşqçi dəyişən kimi dərhal maksimum nəticə istəyirik. Lakin belə olmur. Hər şey səbr, əzmkarlıq və zaman tələb edir. Səbr edən həmişə udar. Atalar demiş, “dama-dama göl olar”. Hər bir görülən işə real qiymət vermək lazımdı. Kənardan baxanda hər şey asan görünür. Daha böyük addımlarla irəli getmək, inkişaf üçün uşaq futboluna diqqəti artırmaq vacibdi. Futbol akademiyalarının sayı və keyfiyyəti artmalıdı. Futbol mütləq şəkildə bütün bölgələrə qayıtmalı, komandaların sayı artmalıdı.
Gənc nəsildə futbol ruhunu gücləndirmək lazımdı. Uşaqlarla çalışan məşqçilər öz işlərinə vicdanla yanaşmalı, bacarıqlı şəxslərə yer verilməli, onların əməyi normal qiymətləndirilməlidi. Məşqçi normal əməkhaqqı almalıdı ki, fikri əlavə qazancda yox, öz işində olsun. Belə olsa, hər şey yerini tutacaq. Dediyim kimi, buna vaxt lazımdı. Azarkeşləri stadiona ancaq komandaların gözəl və məzmunlu oyunu qaytara bilər. Arenaya toplaşanlar maraqlı, prinsipial, məhsuldar oyun görmək istəyir. Bölgələrimizdə azarkeşlər sözün əsl mənasında futbol üçün darıxıb. Məsələn, divizionda “İmişli”nin “Zirə-2” ilə oyununu izləməyə 4500 nəfər gəlmişdi. Protokol göstəricilərinə görə “İmişli”nin keçirdiyi 3 matçı 11300 azarkeş izləyib. Bu, müsbət haldı. Lakin əfsuslar olsun ki, çempionatımızın bəzi oyunlarında adamı yuxu tutur. Bir də onu qeyd edim ki, SSRİ dönəmində görüşlər zamanı həvəsləndirici halların şahidi olurduq. Azarkeşlər futbol matçlarına illik abonement alırdı. 1980-ci illərdə oyunlar zamanı lotereya uduşuna avtomobillər, bəzi başqa əşyalar çıxarılırdı. Stadion 80-90 faiz dolurdu. Oyundan bir neçə gün əvvəl azarkeşlər görüşü müzakirə edib, qarşılaşma günü isə bir neçə saat əvvəl böyük həvəslə stadiona axışırdı. Fanatlar rayonlardan Bakıya futbola baxmağa gəlirdi. “Neftçi”nin kubok oyunları çox vaxt Sumqayıtda keçirlirdi. Havanın soyuq, yağmurlu olmasına baxmayaraq, azarkeşlər Bakıdan bu şəhərə gedərdi. Hətta əvəzedici komandaya böyük maraq vardı. Ziyalılar da həmişə stadiona gəlib komandaya dəstək olardı.
Ulu öndər Heydər Əliyev bir çox prinsipial oyunları stadionda izləyərdi. Onun arenaya gəlişi futbolçulara və azarkeşlərə böyük ruh verirdi. Heydər Əliyev idmana böyük qiymət verərək “idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdu” demişdi. Onun bu əvəzolunmaz sözləri bütün idmançılarımızın məsuliyyətini, milli qürurunu artıraraq hər bir idman növünün inkişafına böyük təkan verib. Müstəqilliyimizin, parlaq gələcəyimizin təməlini qoyan bu dahi şəxsiyyət idmanımıza, xüsusilə futbola böyük diqqət göstərirdi. O vaxtların azarkeşi futbola televizorda yox, stadionda baxmağa üstünlük verirdi. Arenaya elə bil istirahətə gəlirdilər. Azərbaycanın tanınmış sənətkarı Bəşir Səfəroğlu demişkən, adam harda dincələr, futbolda! Doğrudan da belə idi. Kişilərin çoxu sanki stadionda dincəlirdi. Bir gün “Neftçi” Moskva “Spartak”ını qəbul edirdi. Oyuna həddən artıq maraq vardı. Dostlarımla həmin görüşə getməliydik. Oyundan əvvəl bir-iki saat çayxanada oturduqdan sonra vaxtın daraldığını görüb, uşaqları tələsdirdim. O vaxtlar taksi tapmaq çətin idi. Oyunun başlamasına yarım saatdan az qalırdı. Bir neçə dəqiqə gözlədik və maşın tapa bilmədik. Bulvarın yanındaydıq. Oyuna gecikdiyimizi başa düşüb, təcili faytonçuya yaxınlaşdım. O vaxt dənizkənarı parkda faytonçular camaatı atlarla gəzdirirdi. Ondan bizi təcili stadiona çatdırmağı xahiş etdim. Bunun mümkünsüzlüyünü söylədi. Yalvar-yaxardan sonra böyük məbləğ qarşılığında faytonçu bizi stadiona çatdırdı. Sevincimizin həddi-hüdudu yox idi. Həmin gün “Neftçi” “Spartak”a 4:3 hesabıyla qalib gəldi. Səmədağa Şıxlarovun 89-cu dəqiqədə vurduğu 4-cü qol stadionu ayağa qaldırdı. Həmin gün şəhərdə bayram ab-havası var idi. Bu, ən yaddaqalan və xoş xatirələrimdən biridi. Veteran futbolçularımız keçmişdə bizə çox sevinc hissləri yaşadıb. İndi azarkeşin oyuna marağı azalıb. Qarşılaşmalara bilet satılmırsa, onun reklamı heç bir yerdə yoxdusa, bu matça maraq olar? Havayı şeyin dəyəri olmaz. Köhnə adət-ənənələr bərpa edilsə, stadionlarda həvəsləndirici layihələr həyata keçirilsə, gənc azarkeşlərdə maraq oyadar. Ancaq bunların hamısı bir yana, bizim azarkeş əsl futbol görmək istəyir. Onlar buna layiqdi.
- AFFA İcraiyyə Komitəsi martda İntizam Komitəsinin heyətini, demək olar ki, tam dəyişdi. Quruma yeni gələn əməkdaşlar bu məsuliyyətli işin öhdəsindən gələ bilir?
- Düz qeyd etdiz ki, heyət yeniləndi. Komitə, demək olar ki, cavanlaşdı. Bu çoxdan olmalıydı. Komitəyə gənc, bacarıqlı, peşəkar əməkdaşların gəlişi işimizin məsuliyyətini və keyfiyyətini artırdı. Qurumun işi sanki canlandı. Məcəllənin yenilənməsi komitə üzvlərinin böyük əməyi nəticəsində baş verdi. Yeni üzvlərin əksəriyyəti hüquqşünasdı. Onların çoxu futbolla sıx əlaqəli şəxsdi. Komitədə yer alanlar məsuliyyətlərini dərk edərək, işinə vicdanla yanaşır. Mən özüm hüquqşünas olduğum üçün bir-birimizi yaxşı başa düşürük. Harda çalışmağına baxmayaraq, hər bir şəxs öz işini bacarmalı, sevməli və vicdanla yanaşmalıdı. Bu böyük amillərdən biridi. İntizam Komitəsinin qərarları liberallıqdan uzaq olmalıdı. Bunu hər bir komitə üzvü yaxşı başa düşür.
- Əvəzedicilərin çempionatının ayrı keçirilməsi, 2-ci liqanın yaranması komitənin işini daha da artırdı?
- İşini bilən və sevən adam üçün heç bir çətinlik yoxdu. Çünki hər bir komitə üzvü öz işini yaxşı bilir. Bəli, ola bilər ki, iclaslarımızın sayı artsın. Lakin liqaların və klubların sayının artması futbolun inkişafı üçün çoxdan lazım idi. Yerli futbolçu seçimi bu liqalardan olmalıdı. Bölgələrimizdə futbol canlanmalıdı. Klublarımız yerli gənclərdən formalaşmalıdı. Komandaların sayının artması futbolun inkişafına mütləq müsbət təsir göstərməlidi.
- Sonda İntizam Komitəsinin sədri kimi komandalarımıza və azarkeşlərimizə nə arzulayardız?
- İntizam qaydalarına riayət etmək və məsuliyyətli olmaq hər birimizin borcudu. İntizam Məcəlləsi klublar və orda çalışan hər bir şəxsin stolüstü qiraət kitabı olmalıdı. Oxucular məcəllənin yeni nəşri ilə AFFA-nın saytında tanış ola bilər. Bu hüquqi sənədlə futbol ictimaiyyəti, azarkeşlər yaxından tanış olmalı və orda qeyd olunanlara ciddi yanaşmalıdı. Müntəzəm müəyyən qaydaları pozan klubların intizam məsuliyyəti artmalıdı. Cərimələr vaxtında ödənilməlidi. Harda intizam varsa, orda inkişaf var. İntizam məsuliyyətdən irəli gəlir. Azarkeşlərimiz intizam qaydalarına riayət etsələr, klublarını cərimələrlə ziyana salmasalar, öz komandalarına böyük dəstək vermiş olarlar. Bəzi çılğın azarkeşlərə təhqirləri yeni pozitiv futbol marşları və şüarlarla əvəz etmələrini tövsiyə edərdim. Oyunların 44-cü dəqiqəsində bütün stadionlarımızda ənənəvi şəkildə azarkeşlər tərəfindən səsləndirilən, şəhidlərimizin ruhunu şad edən şüarlar olmalıdı. Təhqirləri sıfra endirək, xanım azarkeşlərə hörmətlə yanaşaq. Onların da stadiona gəlməsinə şərait yaradaq. Çünki futbol hər bir futbolsevər üçün ikinci həyat deməkdi. Yeni mövsümdə bütün klublarımıza uğurlar, azarkeşlərimizə isə bol futbol sevinci ilə stadionlara qayıtmalarını arzulayıram. Futbolu yaşadan və ona ruh verən azarkeşdi. Futbolçuların onlara böyük ehtiyacı var. Azarkeş komandanın 12-ci oyunçusu sayılır.
İLKİN SULTANLI