“Football-plus.az” xəbər verir ki, Rusiyada keçirilən ''Pari Premyer Kuboku''nda iştirak edən İstanbul nəhəngi 2-ci oyunda da qələbəyə həsrət qaldı. İlk görüşdə ''Zenit''lə 0:0 bərabərə qalan və penaltilər seriyasında uduzan ''Fənər'' dünən ''Srvena Zvezda''ya da 1:3 hesabı ilə məğlub oldu. Maraqlıdı ki, Serbiya çempionu artıq 21-ci saniyədə hesabı açmağa müvəffəq oldu. İstanbulluların heyətində yeganə qolu Joao Pedro vurdu. Yeni transfer Edin Ceko ''Fənər''in heyətində ilk oyununu keçirdi. Onun dərhal komandanı meydana kapitan qismində çıxarması diqqət çəkdi. Daha bir maraqlı məqam baş məşqçi İsmayıl Kartalın 85-ci dəqiqədə hakimə etiraza görə ikinci sarı vərəqəni alaraq tribunaya göndərilməsi oldu. Keçirdiyi hər 3 qarşılaşmada qələbə qazanan ''Srvena Zvezda'' turnirin qalibi oldu. ''Fənərbaxça'' son oyununu iyulun 15-də ''Neftçi''yə qarşı keçirəcək. İsmayıl Kartal oyundan sonra həm qırmızı vərəqə alması, həm də Cekonun kapitanlıq sarğısını taxması ilə bağlı bunları dedi:
''Rəqibin hədsiz sərt oynaması və hakimin buna göz yumması üzündən istədiyimiz futbolu sərgiləyə bilmədik. Rəqibdə sanki vacib bir rəsmi oyunun gərginliyi var idi. Ən azı 2 futbolçuları meydandan qovulmalı idi. Sonda dözməyib etiraz etdim və meydana çıxdım. Osayi-Samuelin az qala ayağı qırılacaqdı. Amma sarı vərəqəni Osayi-Samuelə göstərdi. Sonra da məni qovdu. Təbii ki, öz səhvlərimiz də oldu və bunları analiz edəcəyik. Amma biz bura hazırlıq oyunu keçirməyə gəlmişik. Həyatımda ilk dəfə, belə bir durumla qarşılaşdım. Bərbad idarəçilik üzündən fanatlar da normal oyun izləyə bilmədi. Yeganə sevindirici məqam heç bir oyunçumuzun ciddi zədə almaması oldu. Cekoya gəlincə, dünya səviyyəli futbolçu və böyük bir peşəkardı. Bu mövsüm kapitan sarğısını o daşıyacaq. Belə bir qərar qəbul etmişik. Ondan başqa 3 yerli oyunçumuz - Altay Bayındır, Mərt Hakan Yandaş ve İrfan Can Kahveci də kapitan olacaq''.
ƏLİ






