"Football-plus.az" xəbər verir ki, 24 yaşlı forvard ən son “Frans Futbol” nəşrinə verdiyi açıqlama ilə belə desək, aləmi bir-birinə vurub.
Mbappe həmin müsahibədə PSJ-nin Çempionlar Liqasını qazana bilməməsinin günahını rəhbərliyin boynuna atıb və “mən üzərimə düşəni edirəm. 5 ildi Liqa-1-in ən yaxşı oyunçusu seçilirəm” ifadəsini işlədib. Bundan başqa, onun sözündən belə aydın olub ki, PSJ-də bu futbolçunun etdiklərinə layiqli dəyər verilmir və əməyi kiçildilir. Bu sözlər komanda daxilində böyük narazılığa səbəb olub və bəzi futbolçular Mbappedən klubun sahibi Nasser Əl-Xelayfiyə şikayət ediblər. Deyilənə görə, Əl-Xelayfi özü də Mbappenin sözlərindən şoka düşüb və bu ifadələri digər oyunçulara, komanda yoldaşlarına hörmətsizlik kimi qiymətləndirib.
Bu arada “Marca” nəşrinin əməkdaşı Ramon Alvares de Monun iddiasına görə, “Real” rəhbərliyi bu məsələnin həftəsonuna, ən gec gələn həftənin əvvəllərinə qədər onların xeyrinə həll olunacağına əmindi. Bu məsələdə zaman “Real”ın xeyrinə işləyir. Düzdü, PSJ ilə Mbappe hələ də ayrılıqla bağlı anlaşma əldə etməyib. Amma indi razılığa gəlmək üçün ən ideal vaxtdı. Hər üç tərəfin fikrincə, Kilianın bu yay “Real”a keçidi qaçılmazdı. Məşhur forvard bu yay artıq PSJ-nin müqavilənin yenilənməsi ilə bağlı hər 3 təklifini geri çevirib! Özü də bu təkliflərdən birində onun 2024-cü ildə “Real”a satışına icazə verilən bir maddə də var idi. Amma Mbappe bunu da geri çevirib. PSJ rəhbərliyi onun 2024-cü ildə pulsuz ayrılması variantını qətiyyən yaxın buraxmaq istəmir. Ona görə də parislilərin yalnız bir çıxış yolu qalır: “Real”ın təklifini qəbul edib Mbappeni bu yay satmaq. Qalır yalnız təklifin həcmində razılıq əldə etmək. PSJ rəhbərliyi də artıq bu məsələdən təngə gəlib, bütün suallara ən qısa müddətdə aydınlıq gəlməsini istəyir.
Bu arada sabiq italiyalı forvard Paolo Di Kanio Mbappeni tənqid edib:
“Məsələnin bu həddə çatmasında PSJ özü günahkardı. Onların üzündən bu mövzu bu dərəcədə ictimailəşdi. Mbappe ötən yay istəyinə çatdı. İndi yenə istədiyi kimi hərəkət edir. Müqavilə yenilənmirsə, PSJ mümkün qədər tez onu satmalı və dəyən ziyanın heç olmasa, yarısını qaytarmalıdı. Təbii ki, rəhbərliyin bəzi qərarlarını qınamaq olar. Amma futbolçu özünü bu məsələdə çox əxlaqsız aparır! Mbappe milyonlar qazanandan sonra gələn il “Real”a havayı yollanmaq istəyir ki, orda da əlavə milyonlar qazansın. Artıq 200-300 milyon avro qazanmış bir futbolçunun özünü belə aparması əsl rüsvayçılıqdı. Başa düşürəm ki, böyük pullar hamını cəlb edir. Amma insanda etika və hörmət də olmalıdı. Bu keyfiyyətləri pula dəyişmək olmaz”.


