“Yuventus”da yay “transfer pəncərəsi”nin arxada qalan dövründə baş verən dəyişikliklər prosesi davam edir. İtaliya nəhəngini daha bir futbolçu tərk edib.
“Football-plus.az” xəbər verir ki, yarımmüdafiəçilər Anxel Di Mariya, Leandro Paredes və Deyan Kuluşevskinin yeni mövsümdə ağ-qara formada görünməyəcəyini xəbər vermişdik. Gözlənildiyi kimi, Xuan Kuadrado da “Yuventus”u tərk edib. Kolumbiyalı yarımmüdafiəçinin Turin klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb. Rəhbərlik 35 yaşlı futbolçu ilə sözləşməni yeniləməmək qərarına gəlib. Bununla da Kuadradonun “Yuventus”dakı 8 illik (2015-23) çıxışı sona çatıb. Xuanın bu komanda ilə 10 titul (5 ölkə çempionluğu, 3 ölkə kuboku və 2 İtaliya superkuboku) qazandığını da qeyd edək.
Amma Adrien Rabyonun “Yuventus”dan gedəcəyi ilə bağlı şayiələr doğru çıxmayıb. İtaliya klubu təcrübəli futbolçu ilə müqaviləni yeniləyib. Fransalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 1 illikdi. Rabyonun əvvəlki müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulmuşdu. 28 yaşlı futbolçu Turin klubunda 2019-cu ildən çıxış edir. O, ötən mövsüm “Yuventus”un heyətində A seriyasında 32 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.