Uduzmayan yox, qalib gələn çempion olur! - Vernidubun gülünc təsəllisinə sözardı

27.10.2026 19:53 81
Yazarlar / Manşet
Gələn ilin martında 90 illiyini qeyd edəcək “Neftçi” cari mövsümdə çempion olmaq istəyir. Bəli, komandanın turnir cədvəlindəki mövqeyi hələ hədəfdən uzaq düşmədiyini deməyə əsas verir. Amma və lakin...

Son üç matçda eyni amal uğrunda mübarizə aparan rəqiblər - “Qarabağ”, “Sabah” və “Turan Tovuz” ilə qarşılaşan “ağ-qaralar” həmin oyunlarda heç-heçəyə razılaşdı. Hələ onu demirik ki, paytaxt klubu 3-cü turda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə”yə uduzub. Hadisələrin belə axarı isə “Sabah”ın zirvəni ələ keçirməsinə, “Neftçi”nin ikinci sıraya enməsinə gətirib-çıxarıb. Hazırda komandalar arasında cəmi 2 xal fərqi var ki, buna arxalanmaq doğru olmaz. Ona görə ki, “bayquşlar” bir oyun az keçirib.

Kəsəsi, “Neftçi”nin çempionluq iddiası hələ 1-ci dövrədən təhlükə altındadı. Bəs, durum baş məşqçi Yuri Vernidubu nə dərəcədə narahat edir? Bir daha xatırlayaq:

“Mən həmişə qalib gəlmək istəyirəm. Bu, mənim üçün çox ağırdı. “Qarabağ”a qarşı 3:1 hesabı ilə öndə olduğumuz oyunda hesab 3:3 oldu. “Sabah”ı məğlub etmək şansımız var idi, amma alınmadı. Ancaq bir məqamı da qeyd edək: biz uduzmuruq”.

Bəli, bəlkə də uduzmamaq Vernidub üçün ciddi uğurdu, rahatlıq mənbəyidi. Amma ardıcıl üç oyunda xal itirmək, zirvəni əldən vermək “Neftçi”yə könül verən azarkeşlərə yalnız narahatlıq bəxş edə bilər. Təsəvvür edin, “ağ-qaralar” evdə “Sabah”a qol vura bilməyib, “Qarabağ”la səfər oyununda 3:1 hesablı üstünlüyü əldən verib, evdə “Turan Tovuz”la matçda İqor Ribeyronun qeyri-peşəkarlığı üzündən 30-cu dəqiqədən azlıqda qalıb və böyük çətinliklə xal qazana bilib, ancaq Vernidub təsəllini uduzmamaqda tapır!

Təbii ki, mütəxəssisin ana dilimizi öyrənmək cəhdlərini, “artıq 10 aydı burdayam və görürəm ki, pis işləmişəm. Öz üzərimdə daha çox işləməliyəm” ifadələrini təqdir edirik. Ancaq yerli futbol ictimaiyyəti yaxşı bilir ki, çempionluq uğrunda mübarizə aparan komanda “Sabah”, “Qarabağ”, “Turan Tovuz” kimi ciddi, iddialı rəqibləri məğlub etməli, qələbə seriyasına imza atmalıdı.

Vernidub, sizi əmin edirik ki, müdafiə olunmağa üstünlük verən, əsas rəqibləri məğlub edə bilməyən “Neftçi” çempion ola bilməyəcək. Bu titul yalnız qələbələri sıralayan, “torba-torba” qollar vuran, rəqib tanımayan komandalara qismət olur!

KƏNAN BAHADIR