Turun əsas sürprizi Samarada qeydə alındı. Tura lider qismində və 7 oyunluq qələbə seriyası ilə daxil olan Moskva “Dinamo”su iddiasız “Akron”la qarşılaşmaya aşkar favorit statusunda çıxmışdı. Amma buna qədər cəmi 1 qələbəsi olan samaralılar paytaxt təmsilçisini göydən yerə endirdi. “Rodina” Voronejdən minimal, “Krılya Sovetov” isə Kazandan 2:0 hesablı qələbə ilə döndü. “Krılya Sovetov” bu mövsüm premyer-liqada keçirdiyi 6-cı səfər oyununda da uduzmadı (2 qələbə, 4 heç-heçə). Komanda tarixində ilk dəfə çempionatda mövsümün ilk 6 səfər oyununda məğlubiyyət acısı yaşamayıb. “Rubin” isə ardıcıl 3-cü məğlubiyyətdən və 6-cı qələbəsiz oyundan sonra, nəhayət, Frank Artiqanı qovdu. İspaniyalı mütəxəssis bu vəzifəni bu ilin yanvarından icra edirdi.
“Krasnodar” qələbəsiz oyunları sıralamaqda davam edir. Murad Musayev komandanı heç cür böhrandan çıxara bilmir. Bu dəfə “Baltika” ilə ev matçında qələbəni əsas vaxta əlavə olunan 3-cü dəqiqədə əldən verən “öküzlər”in premyer-liqada qələbəsiz seriyası 6 oyuna yüksəldi! 6-cı turda ən yaxın rəqibini 5 xal üstələyərək inamla liderlik edən “Krasnodar” 12-ci turdan sonra zirvədən 4 xal geri düşüb.
Turun əsas oyunları bazar günü keçirildi. Rostovda iki cavabsız qolla uduzan “Lokomotiv” o qədər bərbad futbol sərgilədi ki, matçı “çərçivə”yə zərbə vurmadan tamamladı. “Loko” 2018-in noyabrından bəri ilk dəfə belə uğursuzluqla üzləşdi. “Zenit”, gözlənildiyi kimi, Mahaqçala “Dinamo”su ilə ev oyununda ciddi problem yaşamadı və 2-ci turdan bəri ilk dəfə liderliyi ələ keçirdi.
Turun mərkəzi oyununda ÇSKA derbidə “Spartak”a “qulaqburması” verdi. “Hərbçilər” Qlebov ilə artıq 33-cü saniyədə önə keçdilər. Bu, komandanın 2017-nin martından bəri premyer-liqada vurduğu ən erkən, “Spartak”ın isə 2008-dən bəri buraxdığı ən erkən qol oldu. Ötən mövsüm ÇSKA-nın 3:2 qalib gəldiyi derbidə də Qlebov artıq 5-ci dəqiqədə fərqlənmişdi. Apreldən bu yana qol vurmayan Tamerlan Musayev ilk yarının ortalarında yekun nəticəni müəyyənləşdirdi. “Spartak” nə qədər çalışsa da, ÇSKA-nın heyətində debüt edən qapıçı Boriskonu məyus edə bilmədi.
Maraqlıdı ki, oyunu 10 seyvlə tamamlayaraq matçın ən yaxşısı seçilən bu qapıçı premyer-liqada “Spartak”a qarşı keçirdiyi 3 qarşılaşmanın hamısında qapısını toxunulmaz saxlayıb! O ötən mövsüm “Baltika”nın heyətində də “Spartak”a qarşı iki matçda qol buraxmamışdı.
12-ci tur
Zenit – Dinamo Mh 2:0
F.Auqusto, 63-p. Qluşenkov, 77-p.
Zenit: Moskviçev, Mantuan (Vendel, 90+3), Nino, Alip, D.Santos, Barrios (Kondakov, 90), Karpukas, Luis Enrike (A.Musayev, 90), Qluşenkov, Pedro Enrike (Andrade, 83), F.Auqusto (Con, 83).
Krasnodar – Baltika 1:1
Kordoba, 30 – Muyokolo, 90+3.
Krasnodar: Aqkatsev, Vaxaniya (Petrov, 77), Tormena, Jubal, Olasa, Çernikov, Lenini, Kristian (Boselli, 75), Utkin (Ozdoyev, 69), Batçi, Kordoba.
ÇSKA – Spartak 2:0
Qlebov, 1. T.Musayev, 24.
ÇSKA: Borisko, Azzi, Lukin, Viktor, Danilov, Kruqovoy, Oblyakov, Kislyak, Oleynikov, Qlebov (Popoviç, 75), T.Musayev (Reys, 75).
Spartak: Maksimenko, Zobnin (Daku, 75), Litvinov, Babiç (Dmitriyev, 64), Parada (Fernandeş, 64), Umyarov, Prutsev, Barko, Solari, Markinyos (Denisov, 75), Uqalde.
Rostov – Lokomotiv 2:0
Lanqoviç, 12. Olusequn, 24.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Nyamsi, Morozov, Silyanov, Titkov, Yeremeyev (Şetinin, 46), Bakayev (Kovalenko, 25), Mostovoy, Rudenko (Rakov, 60), Komliçenko.
Akron – Dinamo M 3:1
Şumanski, 17. Bistroviç, 70. Boldırev, 90+4 – Qladışev, 55.
Axmat – Orenburq 0:1
Rıbçinski, 38.
Rubin – Krılya Sovetov 0:2
Vuyaçiç, 71-öz qapısına. Rahmanoviç, 77-p.
Fakel – Rodina 0:1
Onuqha, 43-p.
1. Zenit 12 9 0 3 27-13 27
2. Dinamo M 12 8 1 3 19-12 25
3. ÇSKA 12 7 4 1 21-12 25
4. Krasnodar 12 6 5 1 20-14 23
5. Spartak 12 7 2 3 21-10 23
6. Orenburq 12 3 7 2 14-12 16
7. Rostov 12 4 3 5 13-17 15
8. Krılya Sovetov 12 3 6 3 17-17 15
9. Baltika 12 3 5 4 15-13 14
10. Dinamo Mh 12 4 1 7 16-23 13
11. Rubin 12 2 6 4 12-18 12
12. Akron 12 2 6 4 15-21 12
13. Lokomotiv 12 2 5 5 16-16 11
14. Axmat 12 2 5 5 15-17 11
15. Rodina 12 2 3 7 13-27 9
16. Fakel 12 1 3 8 8-20 6
Bombardirlər: Qluşenkov (Zenit) – 10, Sobolev (Zenit) – 8.
Növbəti turun oyunları oktyabrın 31-i - noyabrın 2-si aralığında keçiriləcək: Krılya Sovetov – Zenit, Rodina – Krasnodar, Orenburq – ÇSKA, Lokomotiv – Spartak, Dinamo M – Axmat, Rubin – Fakel, Dinamo Mh – Rostov, Baltika – Akron.
Oyundan sonra
Dmitri İqdisamov, ÇSKA-nın baş məşqçisi:
“Spartak”ı təhlil edəndə gördük ki, əsasən 20-ci dəqiqədən sonra tam güclə oyuna qoşulur. Yəni bundan istifadə edərək erkən qol vurmağa çalışdıq və bu plan özünü doğrultdu. Qapıda Boriskoya şans verməyim nə ilə bağlıdı? Baş məşqçi vacib məqamda qərar verməkdən çəkinməməlidi. Bu qərarı vermək mənim üçün çətin olmadı. Borisko yaxşı oynadı və ümidlərimizi doğrultdu. Bugünkü oyun üçün onun keyfiyyətləri bizə daha çox faydalı idi. Fikrimcə, oyundan-oyuna “artırırıq”. ÇSKA mənim başçılığım altında yeri gələndə praqmatik və səbrli oynamağı da bacarır. Səbr etməyi bacarmadan derbidə bu cür qələbə qazanmaq mümkün deyil. İkinci hissədə hər iki tərəfin də fürsətləri oldu. “Spartak” elə komandadı ki, bütün 90 dəqiqəni onu qapıdan uzaqda tutmaq olmur. Həlledici məqamlarda qapıçımız bizi xilas etdi”.
Xuan Karlos Karsedo, “Spartak”ın baş məşqçisi:
“Matçdan öncə futbolçularla demişdim ki, ilk dəqiqələrdən yüksək konsentrasiya ilə oynamaq lazımdı. Ancaq alınmadı və erkən qol buraxdıq. Derbiyə belə başlamaq olmaz. Üstəlik sonradan standart vəziyyətdən daha bir qol buraxdıq. Halbuki bu epizodların üzərində məqşlərdə çox çalışmışdıq. Sona qədər vəziyyəti dəyişmək üçün əlimizdən gələni etsək də, alınmadı. Nəticəni qəbul etməliyik. Rəqibin start heyəti bizi təəccübləndirmədi. Çünki oyun sxemləri dəyişməmişdi. Rəqibə lazımi qədər dəyər verməməkdən söhbət belə gedə bilməz. Sadəcə, ilk saniyələrdə qol buraxmağa hazır deyildik. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. Amma turnir cədvəlində hələ də liderlər qrupundayıq və artıq növbəti oyunlara hazırlaşmalıyıq”.




