Millimizin hücumçusu Musa Qurbanlı karyerasına “Yurqorden”də davam edəcək. Srağagün Ağdam təmsilçisi ilə vidalaşan futbolçu dünən yeni klubu ilə müqavilə də bağlayıb. Musanın ölkənin aparıcı futbolçularından biri olduğunu nəzərə alsaq, transfer ediləcəyi klubun imici, legionerlərlə rəftarı, potensialı və hədəfləri də maraq doğurur.
Görəsən, Stokholm təmsilçisinin hansı xüsusiyyətləri forvardı doğma “Qarabağ”ı tərk etməyə razı salıb?
Xatırlayırsızsa, “Şamaxı-2”nın sabiq baş məşqçisi Zaur İsmayılov ötən il “Yurqorden”in düşərgəsinə yollanmışdı. 45 yaxşı mütəxəssis PRO lisenziyası ilə bağlı bir həftə klubun bazasında olmuş, məşq prosesini yaxından izləmişdi. İsmayılov baş məşqçi Kim Berqstrand və idman direktoru Bo Anderssonla görüşməyə də fürsət tapmışdı. Fakta əsasən klubla bağlı ətraflı məlumat almaq və Musanın transferi haqda düşüncələrini öyrənmək məqsədilə Zaur İsmayılovla əlaqə saxladıq. Çalışdırıcı "Football-plus.az"a açıqlamasında İsveç səfərindən məmnun qayıtdığını dedi:
“Elədi ki var, “Yurqorden” yaxşı tanıdığım, strategiyasına bələd olduğum klublardandı. Komanda ilə bağlı təəssüratım xoşdu. Həqiqətən çox qonaqpərvər, səmimi və mehriban kollektivdi. Deməzdim ki, bu məhz azərbaycanlılara edilən rəftar idi. Heyətdə rusiyalı, serbiyalı, afrikalı və başqa ölkələrdən olan legionerlər var idi. Hər birinə etik qaydalar çərçivəsində və gülərüz münasibət bəsləyirdilər. Pandemiya ilə bağlı bəzi məhdudiyyətlərə baxmayaraq, səfərimin keyfiyyətli keçməsi üçün əllərindən gələni etdilər. Klub rəsmiləri ilə görüşlərim maraqlı alınmışdı. Onlar Azərbaycan futbolunu araşdırmaq istədiklərini deyəndə, gənc yetirmələrimiz haqda danışdım. Xüsusilə baş məşqçi Kim Berqstrand söhbət etməyi, digər ölkələrin futbol tarixini araşdırmağı xoşlayır. Legionerlərlə söhbətləri də əsasən bu istiqamətdə olur. Berqstrand uğurlu məşqçidi. Yeni oyunçuları kəşf etmək, inkişaf etdirmək kimi hədəflərinin arxasınca getməyi bacarır. Mən də bacardığım qədər ölkəmizin həm həvəskarları, həm də peşəkarları haqda fikirlərimi bölüşdüm. Mütəxəssis mənə futbolçularımızı bəyəndiyini və araşdırmalarını genişləndirəcəyini demişdi. Həqiqətən bizdə bacarıqlı, potensiallı futbolçular çoxdu. Məncə, Musanın potensialı haqda danışmağa ehtiyac yoxdu. Statistika, oyun tərzi və performansına baxdıqda hər şey bəlli olur. Çox güman, klub bir neçə ay izləyəndən sonra hücumçu haqda yekun qərar verib. Təbii ki, sevindirici haldı. Həm ölkə futbolunun reklamı, həm də milli üzvünün təcrübə qazanması baxımından mühüm hadisədi.
Deyərdim ki, bu tansferdən hər iki tərəf qazanclı çıxacaq. “Yuqorden” Stokholmun üç təmsilçisindən biridi. Həm İsveç çempionatında, həm də avrokuboklarda sözünü deyib. Ölkə çempionatında ilk “3-lük”də yerini daim qoruya bilib. Avropada hücum futbolu oynayan komandalar sırasında öncüllərdəndi. Klub son illərdə Avropadakı skautların diqqət mərkəzinə düşməyi bacarıb. Buna əsasən deyə bilərik ki, Musa daha güclü komandaların heyətinə qoşula bilmək şansını artırıb. İndi futbolçumuzun üzərinə düşən iş əsas heyətdə yerini möhkəmləndirməkdi. Bunu bacarsa, qısa müddətdə “Yurqorden”dən tramplin kimi istifadə edəcəyinə inanıram”.
Mövzudan kənar olsa da, Zaur bəylə danışmışkən, bundan sonra karyerası ilə bağlı hansı addımları atacağını da soruşduq. Bilindiyi kimi, “Şamaxı-2” dağılandan sonra mütəxəssis işsiz qalıb. O, hələ ki gözləmə mövqeyində olduğunu söylədi:
“İstirahət edirəm. Hələ ki nə “Şamaxı”dan, nə də başqa klubdan məşqçilik təklifi almışam”.
KƏNAN BAHADIR