"Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirdi

1.07.2023 20:52 985
Aktual / Ölkə futbolu
Növbəti mövsüm premyer-liqada çıxış edəcək "Araz Naxçıvan" heyətin formalaşdırılması prosesinə start verib.

2023/24 "futbol ili"ndə elitada möhkəmlənmək istəyən klub xeyli futbolçu ilə danışıq aparır. Artıq keçidi dəqiqləşən oyunçular da var.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, bunlar Nicat Süleymanovla Abdulla Rzayevdi.

2021-23 cü illərdə "Kəpəz"in şərəfini qoruyan Nicat Süleymanov klubundan ayrılıb. Tezliklə Naxçıvan təmsilçisi ilə futbolçu arasında sözləşmə imzalanacaq.

Müqavilə ilə "Sabah"a məxsus olan, icarə əsasında "Kəpəz"də top qovan Abdulla Rzayev də "qırmızı-ağlar"la anlaşıb. Masazırlılar Muxtar Respublika təmsilçisinin təklifini geri çevirməyib.

Qeyd edək ki, "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov məlumatları saytımıza təsdiqləyib.

KƏNAN BAHADIR