Kartal “Fənərbaxça” üçün doğru seçimdimi?

23.06.2023 18:58 264
Dünya futbolu
Ötən sayımızda “Fənərbaxça”da baş məşqçi mövzusunda yaşanan yenilikləri diqqətinizə çatdırmışdıq.

Xatırladaq ki, Jorje Jezuşla yolların ayrılmasının ardından İstanbul nəhənginin Vinçentso Montella ilə anlaşacağı gözlənilsə də, başqan Əli Koç hamını təəccübləndirərək yeni baş məşqçinin camiəni yaxından tanıyan yerli mütəxəssis olacağını açıqlamışdı. Bundan sonra Aykut Kocaman, Volkan Dəmirəl, Əmrə Belözoğlu, Ərsun Yanal və İsmayıl Kartalın adı gündəmə gəlmişdi. Hələ ki bu namizədlərin arasında ən çox önə çıxan isim Kartaldı. Volkan Dəmirəl belə görünür, soyuq başla düşündükdən sonra anladı ki, “Fənər”in başına keçmək onun üçün hələ tezdi. O, son açıqlamasında zəlzələdən sonra “Hatayspor”u yarıyolda qoymaq istəmədiyini və bu klubun başındakı işini davam etdirmək niyyətində olduğunu bildirib. Türkiyə mətbuatının yazdığına inasnaq, Əli Koç artıq Kartalla görüş keçirərək ona komandadakı son durum və transferlər ilə bağlı məlumat verib. 62 yaşlı mütəxəssis hər an bu vəzifəyə gəlməyə hazır olduğunu qeyd edib. Kartal hazırda “Fənərbaxça” fanatlarının ən çox müzakirə etdiyi isimlərdəndi. Onun bu cür böyük camiənin yükünü daşımağa qadir olub-olmaması ətrafında çox söz-söhbət gəzir. Düzdü, Okan Burukun “Qalatasaray”ı çempion etməsi Əli Koçu bu vəzifəyə “özününkünü” gətirməyə vadar edib. Amma Okan Buruk əvvəlki işi ilə sübut etmişdi ki, artıq böyük camiədə işləmək üçün tam yetişib. Zarafat deyil, o, “İstanbul BŞ” ilə Türkiyə çempionluğunu qazanmışdı. Amma Kartalın CV-sində “dişə vurulası” uğur yoxdu. Özü də ona artıq bir dəfə tam mövsümdə əvvəldən sona qədər şans verilib. Kartal 2014/15-də Kyaerli, Meyreleşli, Nanili, Van Persili “Fənər”lə yalnız 2-ci olmuşdu. Düzdü, onun son dönəmdəki nəticələri diqqəti çəkmişdi. Kartal 2021/22-də 5-ci pillədə qəbul etdiyi “Fənərbaxça”ya gümüş medalları qazandırmışdı. Amma məsələ burasındadı ki, həmin komandanın üzərində artıq heç bir təzyiq yox idi. Camiə çempionluğun əldən çıxması ilə barışmışdı. Kartalın dönəmində komanda həmin vaxt 21 oyundan 12 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət ilə ayrılsa da, Əli Koç bu məşqçinin yeni mövsümdə təzyiqin öhdəsindən gələ bilməyəcəyini düşünərək Jorje Jezuşla anlaşmışdı. Görəsən, indi nə dəyişib? Yenə eyni vəziyyətdi. Fanatlar Koçdan çempionluq tələb edir. Belə durumda hər nə qədər komandanı və camiəni yaxından tanısa da, Kartalın baş məşqçi vəzifəsinə gətirilməsi çox riskli addım kimi görəsnir.

Bu arada daha əvvəl iki fərqli dönəmdə (2010-13, 2017/18) “Fənərbaxça”nı çalışdırmış Aykut Kocaman qatıldığı bir “yutub” kanalının canlı yayınında gündəmə düşəcək açıqlamalar verib. Əli Koç ötən ilin aprelində iftar süfrəsində Kocamanla bağlı qərarına görə peşman olduğunu etiraf etmişdi. Bilindiyi kimi, Koç 2018-də Əziz Yıldırıma qalib gələrək başqan seçildikdən sonra Kocamanla yola davam etməmiş və Filip Koku ilə anlaşmışdı. Niderlandlı mütəxəssis isə faciəvi nəticələr üzündən 2-3 ay sonra qovulmuşdu. Kocamanın Koçun peşman olması barədə sözlərinə reaksiyası sərt olub:
“Əli bəyin bu sözlərinin çox səmimi olduğunu düşünmürəm. “Fənərbaxça”da 5 ildi Türkiyə də daxil olmaqla dünyanın hər yerindən məqçilərin adı namizədlər arasında hallanır. Bircə Aykut Kocamanın adı hallanmır. Səmimi olsaydı, belə olmazdı! Mənimlə yolları ayırmağı bir yanlışlıq kimi görürdüsə, bu yanlışlığı düzəltmək öz əlində idi! Bir sözün doğru olması üçün onu sübut etmək lazımdı. Yüzlərlə məşqçinin arasında mənim adım hallanmırsa, burda heç bir peşmanlıqdan söhbət gedə bilməz”.