Şənbə günü “Fənərbaxça”da illik maliyyə toplantısı baş tutdu. Başqan Əli Koç da burda kürsüyə çıxaraq, gözlənildiyi kimi, önəmli açıqlamalar verdi.
"Football-plus.az" xəbər verir ki, onun yeni baş məşqçi ilə bağlı söylədiyi sözlər gündəmə bomba kimi düşdü.
Koç İstanbul nəhənginin yeni baş məşqçisinin yerli mütəxəssis olacağını dedi:
“Yeni baş məşqçi mövzusunda bir çox təcrübəli adamın fikrini soruşduq. Onlardan bir qismi yerli məşqçinin gətirilməsini məsləhət gördü. Digər qismi isə bizə Türkiyə futbolunu yaxından bilən əcnəbi mütəxəssislə anlaşmağı məsləhət gördü. Ötən yayla müqayisədə indi boşda olan məşqçilərin sayı çoxdu. Bütün fikirləri götür-qoy edəndən sonra belə qərara gəldik ki, Türkiyədə daha öncə çalışmayan və Türkiyə futbolunu yaxından bilməyən məşqçi ilə anlaşmaq çox riskli olacaq. Ona görə də bu camiəni tanıyan, camiənin öz övladı olan, Samandraya yeni ruh aşılaya biləcək bir mütəxəssislə yolumuza davam edəcəyik. Türkiyəni tanıyan, burda daha öncə çalışan və bizə uyğun olan əcnəbi məqçilərin sayı uzaqbaşı üç-dörddü. Mətbuatda çox şey yazılır. Fanatlar da lazımsız yerə həyəcanlanır. Sonra da həmin məşqçi alınmadıqda sosial şəbəkələrdə bizi söyürlər. Qısası, ad açıqlamaq istəmirəm. Amma bu camiənin ruhunu bilən iki yerli məşqçi ön plana çıxır. Onlardan biri ilə anlaşacağıq. Ortada rəsmi bir şey olmadığı üçün, dediyim kimi, hələ ad açıqlamaq istəmirəm”.
Əli Koçun bu sözləri hətta camiənin özündə də böyük sürpriz kimi qiymətləndirildi. Çünki ötən sayımızda da qeyd etmişdik ki, “Fənər”in başına keçməyə əsas namizəd “Adana Dəmirspor”dan ayrılan italiyalı Vinçentso Montelladı. Qeyd edək ki, klubun 5 mindən çox rəsmi üzvünün iştirak etdiyi maliyyə toplantısı gərgin ab-havada keçdi. Bunu əvvəlcədən gözləmək olardı. Çünki “Fənər” Əli Koçun başqanlığının 5-ci ilində də çempionluq həsrətinə son qoya bilmədi. Onun getməsini tələb edənlərin sayı gündən-günə artır. Əli Koç kürsüyə çıxıb başqa mövzular haqda danışarkən hətta salonda dava-dalaş düşdü. Başqan salonu 15 dəqiqəliyə tərk etməli oldu. Nə oldusa, həmin 15 dəqiqədə oldu. Çünki Koç kürsüyə qayıdandan sonra yerli məşqçi ilə çalışacaqlarını dedi! Halbuki məşqçinin yerli, yoxsa əcnəbi olacağı heç klubun idarə heyəti tərəfindən də dəqiq müəyyənləşdirilməmişdi. Ona görə də Koçun bütün məsüliyyəti üzərinə götürərək belə açıqlama verməsi böyük sürpriz kimi qiymətləndirildi. Prezidentin bu qərarının yeganə izahı son illərdə çempionluğun yalnız yerli məşqçilərə qismət olmasıdı. Zarafat deyil, son 16 mövsümün hamısında məhz yerlilərin çalışdırdığı klublar çempion olub. Həm də çox güman, ən son Okan Burukun “Qalatasaray”ı çempion etməsi Əli Koçun camiəni yaxından tanıyan yerli məşqçilərə yönəlməsinə səbəb olub.
Koçun açıqladığı meyarlara uyğun olan mütəxəssislərin sayı o qədər də çox deyil. Ağla gələn ilk isimlər bunlardı: Ərsun Yanal, İsmayıl Kartal, Aykut Kocaman, Əmrə Belözoğlu, Volkan Dəmirəl. Türkiyəli həmkarlarımız dərhal onların hər biri ilə əlaqə saxlayaraq Koçun sözlərinə münasibət öyrənib. Bu məşqçilərin cavabı standart olub: “Heç nədən xəbərimiz yoxdu”. Ərsun Yanal variantının üzərindən indidən xətt çəkmək olar. “Fənər” hər nə qədər son çempionluğu bu məşqçi ilə qazansa da, onun klubdakı ikinci dönəmi uğursuz alınmışdı. 2 ilə yaxındı işsiz olan və müdafiəyəmeyilli futbola üstünlük verdiyinə görə daim tənqid olunan Kocamanın da təyinatı inandırıcı görünmür. Əmrə Belözoğlunun xaricə yollanmaq ehtimalı var. Ona görə də Koçun haqqında bəhs etdiyi iki isim böyük ehtimalla İsmayıl Kartal ilə Volkan Dəmirəldi. Kartalın klubdakı son dönəmində “Fənərbaxça” az qala qanad açıb uçurdu. Komanda onun başçılığı altında 2021/22-ni 2-ci pillədə tamamlasa da, Koç bu məşqçi ilə yola davam etməyərək Jorje Jezuşla anlaşmışdı. Volkan Dəmirəl isə məşqçi karyerasının ilk günlərindən etibarən ən böyük arzusunun “Fənər”i çalışdırmaq olduğunu gizlətmir. Bu mülahizələrdən yola çıxaraq deyə bilərik ki, böyük ehtimalla İstanbul nəhəngini yeni mövsümdə bu iki məşqçidən biri çalışdıracaq.