“Şamaxı”dan dörd məşqçi getdi, biri qaldı - AÇIQLAMA

17.06.2023 13:31 292
Ölkə futbolu / Manşet
Futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi iclas dünən keçirildi. AFFA İcraiyyə Komitəsinin qərarlarından belə görünür ki, idman prinsipi qorunub. Bu o deməkdi ki, ötən mövsümü uğursuz keçirən – premyer-liqanın turnir cədvəlində sonuncu yerdə qərarlaşan “Şamaxı” növbəti “futbol ili”ndə 1-ci divizionda çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi artıq bu istiqamətdə işlərə start verib.

İcraiyyə Komitəsinin iclasından dərhal sonra rəhbərliklə məşqçi heyəti arasında keçirilən iclasda 2023/24 mövsümünə hazırlıq məqsədilə bəzi addımlar atılıb. Toplantıda növbəti mövsümün planları və klubun strategiyası müzakirə olunub. Məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən müqaviləsinə xitam verilib.

Müqavilə müddəti davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırmaq tapşırılıb.

Bölgə təmsilçisinin növbəti mövsüm üçün digər planları və açıqlanmayan detallar haqda ətraflı məlumatı klubun baş meneceri Kamran İsmayılovdan öyrəndik:

“Bilindiyi kimi, bəzi qərarlar artıq açıqlanıb. Hazırda rəhbərliyin məqsədi iddialı komanda formalaşdırmaq və 1-ci divizionda çempion olub premyer-liqaya dönməkdi. Buna inanırıq. Hələ ki heyətlə bağlı dəqiq açıqlama verə bilmərəm. Onu deyə bilərəm ki, qollarımızı çırmalayıb hədəf uğrunda mübarizəyə başlamışıq. Bir neçə gün sonra digər önəmli detallara aydınlıq gələcək. Futbolçular istirahətdə olsalar da, hər biri ilə müntəzəm əlaqə saxlayırıq. Yeniliklərlə bağlı sənədləşmələr tam yekunlaşmadan danışmaq istəmirəm.

Ötən mövsüm olduğu kimi, yenə Şamaxıda məskunlaşacağıq. İnfrastruktur, baza, stadion və s. kimi məsələlərdə dəyişiklik olmayacaq. Hər şey qaydasındadı”.


Qeyd edək ki, Elvin Məmmədov, Amil Yunanov, Rauf Hüseynli, Kamal Mirzəyev və Tapdıq Əhmədov müqavilə, Nihad Quliyev isə icarə müddəti bitdiyinə görə klubdan ayrılıb. Cəlal Hüseynov da karyerasını Bolqarıstan “Arda”sında davam etdirəcək.

KƏNAN BAHADIR