Parisdə keçirilən “Böyük dəbilqə” seriyalı “Rolan Qarros” turnirinə srağagün yekun vuruldu.
“Football-plus.az” xəbər verir ki, qadınlar arasında həlledici oyunda İqa Sventeklə Karolina Muxova üz-üzə gəldi. Polşalı tennisçi 2 saat 39 dəqiqə davam edən oyunda çexiyalıdan üstün oldu. 22 yaşlı Sventek həm 2023-də, həm də “Rolan Qarros”da 3-cü titulunu qazandı (2020 və 2002-də də həmcinslərini qabaqlamışdı). Sventek son 21 ildə “Böyük dəbliqə” turnirlərini 4 dəfə qazanmağı bacaran ən gənc tennisçidi. 2002-də Serena Uilyams da belə nəticə göstərib.
Mükafatlandırma mərasimində maraqlı hadisə baş verdi. Sventek kuboku başı üzərində yelləyərkən qapağı düşdü. Fransa Tennis Federasiyasının prezidenti Jil Moretton qapağı yerdən qaldıraraq kubokun üzərinə qoydu. Ancaq dünyanın 1-ci raketkası yenə qapağı kubokdan ayırdı ki, silkələyə bilsin. Sventek qələbəsinə belə şərh verdi:
“Komandam təsdiq edə bilər ki, elə ilk oyundan sonra bizi çətin yolun gözlədiyini bilirdim. Muxovanın kortdakı fərqli oyunu məni valeh etdi. Ümid edirəm ki, hələ çox finalımız olacaq. Bəli, bu turniri qazandım, ancaq asan olmadı. Burda - “Rolan Qarros”da olmaq xoşuma gəlir. Prinsipcə mənim sevimli məkanımdı”.
Karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirlərində final oynayan 26 yaşlı çexiyalı mükafatlandırma zamanı göz yaşını saxlaya bilmədi:
“Qısa danışmağa çalışacam, ona görə ki, emosiyalar məni boğur. Komandam və özüm üçün Parisdə üç qeyri-adi həftə oldu. Qələbə çox yaxın, eyni zamanda bir o qədər uzaq idi. Dünyanın ən yaxşılarından biri ilə oynayırsansa, belə olur. İqa, bir daha səni və komandanı təbrik etmək istəyirəm”.
Kişilər arasında mübarizəyə gəlincə, Novak Cokoviç 3 saat 16 dəqiqə davam edən oyunda Kasper Ruuda qalib gəldi. 2016 və 2021-ci illərdə də “Rolan Qarros”u qazanan 36 yaşlı serb karyerasında 23-cü dəfə “Böyük dəbliqə” turnirlərinin qalibi olmaqla bu göstəricidə rekordçu oldu. O, Rafael Nadalı geridə qoydu. Cokoviçin Parisdəki qələbəsini unikal edən daha bir məqam var. Novak tennis tarixinə “Böyük dəbilqə” seriyalı hər turniri üç dəfə qazanan ilk idmançı kimi düşdü. Artıq vurğuladığımız kimi, “Rolan Qarros”da 3, “Australian Open”də 10, “Uimbldon”da 7 və “US Open”də 3 qələbəsi var. Tennis tarixinin ən titullu oyunçusu qələbədən sonra bunları dedi:
“Böyük dəbilqə” “Böyük dəbilqə”di. İdmanımızın tarixində dörd əsas turnir. Hər tennisçi, heç olmasa, bir titul qazanmağı arzulayır. Mən isə 23 belə turnir qazanmışam. Qeyri-adi hisslər yaşayıram. Uşaqlarım burdadı. Həmişə onlara hansısa dəyərləri aşılamağa, maarifləndirici, motivasiyaedici nələrsə öyrətməyə çalışıram. Sadəcə, bütün dünya gənclərinə müraciət etmək istəyirəm. 7 yaşım olanda “Uimbldon”u qazanmağı nə və vaxtsa dünyada 1 nömrə olmağı arzulayırdım. Taleyimi özümün yazmağım üçün gücüm var idi. Nə işlə məşğul olursuz-olun, indiki anla yaşayın, keçmişi unudun. Gözəl gələcək istəyirsizsə, onu öz əlinizə alın, inanın və yaradın”.
final
Kişilər
Cokoviç (Serbiya, 3) - Ruud (Norveç, 4) 7:6 (7:1), 6:3, 7:5
Cütlərin yarışı
Dodiq/Krayçek (Xorvatiya/ABŞ, 4) – Jille/Vligen (Belçika) 6:3, 6:1
Qadınlar
Sventek (Polşa, 1) - Muxova (Çexiya) 6:2, 5:7, 6:4
Cütlərin yarışı
Se/Sinyuy (Çin Taypeyi/Çin) – Taunsend/Fernandes (ABŞ/Kanada) 1:6, 7:6 (7:5), 6:1
Qarışıq
Kato/Pyuts (Yaponiya/Almaniya) - Andreesku/Vinus (Kanada/Yeni Zelandiya) 4:6, 6:4, 10:6