Polşalı tennisçi İqa Sventek “Rolan Qarros”un final oyunundan sonra futbolçu həmvətəni, “Bavariya”nın forvardı Robert Levandovski ilə görüşü haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, dünyanın 1 nömrəli qadın tennisçisi finalda amerikalı Kori Qauffa qalib gəlib:
“Finalda qələbədən sonra kortdan öz lojama qaçdım ki, uğurumu komandamla bayram edim. Məhz onda komandamın üzvlərindən bir neçə cərgə arxada Robert Levandovsklini gördüm. Çox təəccübləndim, onun arenada olduğunu bilmirdim. Komandam Robertin burda olduğunu bilirmiş, ancaq fikrimi yayındırmamaq üçün mənə deməyiblər. Elə yaxşı ediblər. Onu görmək şərəf idi. Robert oyunuma baxmaq istədiyinə, oyunumu bəyəndiyinə görə sevinirəm”.
Bildiyiniz kimi, polşalı xanım karyerasında 2-ci dəfə “Böyük dəbilqə” turnirində qələbə qazanıb. İlk qələbəsi də 2020-də “Rolan Qarros”da olmuşdu.