Finalçılar müəyyənləşdi, Sventek tarixə düşdü

11.09.2022 18:51 364
İdman
ABŞ Açıq Tennis Çempionatında mübarizə sona yaxınlaşır.

Çərşənbə günü gec saatlarda həm kişilər, həm də qadınlar arasında son yarımfinalçı müəyyənləşdi. Yannik Sinneri məğlub edən Karlos Alkaras adını növbəti mərhələyə yazdırdı. 19 yaşlı ispan tennisçi həmvətəni Rafael Nadalın dönəmindən bəri “Böyük dəbilqə” turnirlərinin ən gənc yarımfinalçısıdı. Nadal da 2005-də “Rolan Qarros”da yarımfinala çıxanda 19 yaşı var idi.

Qadınlar arasında son yarımfinalçı isə gərgin mübarizə sonucunda Cessika Pequlanı məğlub edən İqa Sventek oldu.

Qəzetimizin ötən saylarında Nik Kiryosun özünəməxsus xarakterə malik olmasından danışmışdıq. Avstraliyalı tennisçi Karen Xaçanovla 1/4 final oyununda da qəribə davranışla yadda qalıb. Kiryos oyunun gedişində plastik butılkanı korta çırpıbsa, mübarizənin ardından iki raketkanı da qırıb. Belə aqressiv davranış ona 14 min dollar cərimə bahasına başa gəlib. Bu, avstraliyalının turnirdəki 5-cu pul cəzasıdı. Cərimə sanksiyalarının ümumi həcmi 32,5 min dollardı. Avstraliyalının bu turnirdə mükafat kimi 445 min dollar qazandığını da xatırladaq.
Srağagün gec saatlarda və dünən turnirdə yarımfinal oyunları da keçirildi. Dünyanın 5-ci raketkası Ons Jaber Karolin Qarsiyanı darmadağın etdi və fransalının 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu. Tunisli tennisçi karyerasında 10-cu dəfə finalda oynayacaq. Onun “Uimbldon”un finalında Yelena Rıbakinaya uduzduğunu da xatırladaq.

Dünyanın 1-ci raketkası Sventek isə Arina Sobolenkonun müqavimətini çətinliklə qırdı. 21 yaşlı idmançı “US Open”un finalına vəsiqə qazanan ilk polşalı xanımdı. Sventek həmçinin “top-10”dan olan rəqiblər üzərindəki qələbə seriyasını 9-a çatdırdı. Finalda Jaberlə qarşılaşacaq polşalı Sobolenko üzərindəki qələbəni belə izah etdi:
“Arinaya qarşı enerjili, sürətli və möhtəşəm oynamaq lazımdı. Daha yüksək səviyyəyə qalxmağı bacarmışam. Mütləq tualetə getməliydim. Ondan sonra özümü daha yüngül hiss etdim. Bu iyrəncdi, bağışlayın. Tualet fasiləsindən nəyi dəyişməli olduğumu düşünmək üçün istifadə etdim. Və məhsuldar alındı. Yadımdadı ki, əvvəllər uduzduğum setlərdən sonra tualetdə ağlayırdım. Bu dəfə isə problemin həllini tapa bildim”.


Kişilər
1/4 final
Alkaras (İspaniya, 3) - Sinner (İtaliya, 11) 6:3, 6:7 (7:9), 6:7 (0:7), 7:5, 6:3
yarımfinal
Alkaras (İspaniya, 3) – Tiafu (ABŞ, 22) ???
Ruud (Norveç, 5) – Xaçanov (Rusiya, 27) ???
Qadınlar
1/4 final
Sventek (Polşa, 1) - Pequla (ABŞ, 8) 6:3, 7:6 (7:4)
yarımfinal
Jaber (Tunis, 5) – Qarsiya (Fransa, 17) 6:1, 6:3
Sventek (Polşa, 1) – Sobolenko (Belarus, 6) 3:6, 6:1, 6:4