“Ayntraxt”ın yeni baş məşçisinin kimliyi məlum olub. Bu vəzifəyə Dino Toppmöller təyin edilib.
“Football-plus.az” xəbər verir ki, 42 yaşlı mütəxəssis Frankfurt klubu ilə müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, mövsümün sonunda komandadan ayılan Oliver Qlasneri əvəzləyib. Qeyd edək ki, Toppmöller 2020-23-cü illərdə “Leyptsiq”də və “Bavariya”da sabiq baş məşqçi Yulian Naqelsmannın köməkçisi olub. Daha əvvəl “F-91 Düdelanj” və “Ekselsior Virton”u çalışdırıb.
Xatırladaq ki, “Ayntraxt” bundesliqanı 2022/23 mövsümündə 7-ci yerdə başa vurub.
Yeri gəlmişkən, “Borussiya”da da baş məşqçi problem həll edilib. Bu vəzifəyə Xerardo Seoane təyinat alıb. 44 yaşlı isveçrəli Münhenqladbax klubu ilə 3 illik müqaviləyə qol çəkib. Seoanenin daha əvvəl “Bayer-04”ü çalışdırdığını, leverkuzenlilərlə 2021/22 mövsümünü 3-cü yerdə başa vurduğunu xatırladaq. O, “Borussiya”da Daniel Farkenin yerini tutub.