Superliqada son mövsümü uğursuz keçirməsinə baxmayaraq, ölkə kubokunu qazanan və fanatlarına böyük sevinc yaşadan ''Sivasspor”, gözlənildiyi kimi, Rza Çalımbayı əldən verməyib.
"Football-plus.az" xəbər verir ki, bu mütəxəssisin klubla müqavilə müddəti başa çatdığından ayrıla biləcəyi ilə bağlı şayiələr yayılmışdı. Amma srağagün tərəflər arasında imzalanan yeni müqavilədən sonra söz-söhbətə son qoyuldu. Çalımbayın istəyi ilə müqavilə yalnız birillik müddətə yeniləndi. 59 yaşlı mütəxəssisi artıq ''Sivasspor''un əfsanəsi saymaq olar. Qarşıdakı “futbol ili” onun bu klubda ümimilikdə 6-cı mövsümü olacaq. Son 3 mövsümdən başqa o 2010/11 və 2011/12-də də ''yiğidolar''ı çalışdırıb. Ümumilikdə 244 rəsmi oyunla Çalımbay 55 illik ''Sivasspor'' tarixində ən çox oyuna çıxan baş məşqçidi. Əslən sivaslı olan bu mütəxəssis məmləkətinin klubunda həqiqətən də önəmli işlər görür. Son 3 mövsümün hər birində Türkiyə standartlarına görə ortabab sayılan bu klubu avrokuboklara daşımağı bacarıb!
Çalımbayın ''Sivasspor''u 2020/21-də AL-in qrupunda oynamış və xatırlayırsızsa, ''Qarabağ''la eyni qrupda mübarizə aparmışdı. Geridə qoyduğumuz mövsümdə sivaslılar Konfrans Liqasının təsnifatının pley-offunda ''Kopenhagen''ə məğlub olaraq qrup mərhələsinə düşə bilməmişdilər. Bu yay isə komanda kubokun qalibi kimi AL-in təsnifatının pley-offunda oynayacaq. ''Sivasspor'' mərhələni adlaya bilməsə belə, mübarizəni KL-in qrup mərhələsində davam etdirəcək.