Səudiyyə Ərəbistanı çempionatında geridə qalan 2022/23 mövsümünün rəmzi komandası müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, komandanı ''Opta Analyst'' şirkəti müəyyənləşdirib. Həmin ''11-lik'' çempionatın rəsmi ''tvitter'' səhifəsində yerləşdirilib. Ən maraqlısı odu ki, bu komandada ''Əl-Nəssr''in portuqaliyalı superulduzu Kriştiano Ronaldoya yer tapılmayıb!
Düzdü, 38 yaşlı futbolçu faktiki olaraq ''Əl-Nəssr''ə mövsümün ortasında - yanvarda qoşuldu. Amma onun göstəriciləri (16 oyun, 14 qol) heç də pis olmadı və Kriştiano bombardirlər yarışını 5-ci pillədə tamamladı. Ona görə də çoxlarının fikrincə Ronaldo rəmzi komandaya salınmalı idi. Maraqlıdı ki, rəmzi komandada Ronaldonun iki komanda yoldaşı yer alıb. Söhbət təcrübəli braziliyalı yarımmüdafiəçi Luis Qustavo və kot d'İvuarlı müdafiəçi Gisleyn Konandan gedir. Çempion ''Əl-İttihad'' isə rəmzi ''11-lik''də 5 oyunçu ilə təmsil olunub. Xatırladaq ki, ''Əl-Nəssr'' ''Əl-İttihad''dan 5 xal az toplayaraq mövsümü 2-ci pillədə tamamladı.