Azərbaycan millisində bir dönəm başa çatdı. Son dekadada yığmanın formasını geyən, kapitan sarğısını daşıyan Emin Mahmudov Andorra ilə oyunda milli karyerasına nöqtə qoydu. Bununla da yığmamızda təkcə təcrübəli futbolçunun yoxluğu deyil, həm də yeni lider axtarışı gündəmə gəldi. Eminin boş qoyduğu kapitan sarğısını kim daşıyacaq?
Kapitan meydanda komandanın səsi, çətin anlarda futbolçuların dayağı, mübarizənin önündə gedən şəxs olmalıdı. Xüsusilə də son illərdə uğursuz nəticələrlə azarkeşlərini məyus edən Azərbaycan yığmasının belə liderə ehtiyacı var. Bəs indiki heyətdə bu məsuliyyəti üzərinə götürə biləcək futbolçu varmı?
İlk ağla gələn ad Bədavi Hüseynovdu. Təcrübəli müdafiəçi uzun illərdi həm klubunda, həm də milli komandada çıxış edir, “Qarabağ”ın əsas kapitanıdı. Meydandakı soyuqqanlığı, təcrübəsi və müdafiə xəttini idarə etmək bacarığı onun üstünlükləridi. Lakin burda ciddi bir məqam var - yaş. Bədavi iyulda 35-i tamamlayıb, artıq karyerasının son mərhələsinə yaxınlaşır. Millinin gələcəyini düşünürüksə, kapitan sarğısını uzağı bir ildən sonra yenidən başqa futbolçuya verməkdənsə, daha uzun müddət üçün oyunçu seçmək uyğun olar.
Digər namizəd Emil Balayev ola bilər. Təcrübəli qapıçı meydanda emosiyalarını gizlətmir, müdafiəçilərlə daim ünsiyyətdə olur, komandasını ruhlandırmağa çalışır. Ancaq qapıçının kapitan olması xüsusən də hakimlə ünsiyyət baxımından müəyyən çətinliklər yaradır. Hazırda qapıçıların da kapitanlıq etdiyi komandaların sayı az deyil. Bununla belə, Azərbaycan millisinin hazırkı vəziyyətində kapitanın meydanın mərkəzində, mübarizənin içində olması daha vacib görünür. Hakimlərlə ünsiyyət, komanda yoldaşlarını sakitləşdirmək, hücumla müdafiə arasında əlaqə yaratmaq baxımından meydan oyunçusu daha əlverişli mövqedədi. Emil isə mövqeyinə görə bu proseslərin hamısında operativ iştirak edə bilməz.
Namizədlər arasında Rahil Məmmədovun da adını çəkmək olar. Müdafiəçi yetərincə təcrübəlidi, komanda yoldaşları ilə ünsiyyət qurmaq imkanı genişdi. Ancaq onun millidəki çıxışını nəzərə alsaq, kapitanlıq üçün mübahisəsiz namizəd olduğunu söyləmək çətindi. Kapitan ilk növbədə oyunu ilə komanda yoldaşlarına nümunə olmalıdı. Bunun üçün yalnız təcrübə yox, sabit çıxış da lazımdı.
Toral Bayramov isə gələcək üçün maraqlı variantdı. Gənc yaşına baxmayaraq, yetərincə beynəlxalq təcrübə toplayıb. Meydanın müxtəlif mövqelərində oynamaq bacarığı, fiziki hazırlığı və mübarizədən çəkinməməsi onun üstünlükləridi. Amma bəzən emosiyalarını cilovlamalı, çətin anlarda düzgün qərar verməyi, komandanı psixoloji baxımdan idarə etməyi bacarmalıdı. Toralın bu keyfiyyətləri daha da inkişaf etdirmək üçün vaxtı var. Məsələn, Andorra ilə yoldaşlıq oyununda Mahir Emreli ilə penaltini vurmaq uğrunda çəkişməsi nə idi?
Aleksey İsayev də nəzərdən keçirilə biləcək futbolçulardandı. Yarımmüdafiəçi olması ona həm müdafiə, həm də hücum xətti ilə əlaqə qurmaq imkanı verir. Ümumiyyətlə, meydanın mərkəzində çıxış edən futbolçunun kapitan olması müəyyən üstünlük yaradır. Ancaq İsayevin meydanda bütün komandanı arxasınca aparacaq xaraktera malik olduğunu demək çətindi.
Qismət Alıyev və Anton Krivotsyuk kimi təcrübəli müdafiəçiləri də unutmaq olmaz. Hər ikisi müəyyən keyfiyyətlərə malikdi. Bununla belə, kapitanlıq üçün yalnız yaxşı müdafiəçi olmaq kifayət etmir.
Musa Qurbanlı, Bəhlul Mustafazadə, Xəyal Əliyev, Rüfət Abdullazadə kimi gənc futbolçular millimizin gələcəyini təmsil edirlər. Onların qarşısında hələ uzun yol var. İndiki mərhələdə bu futbolçulara kapitanlıq kimi əlavə məsuliyyət yükləmək əvəzinə öz oyunlarını inkişaf etdirmələrinə şərait yaratmaq daha düzgün olardı.
Bütün məqamları nəzərə alandan sonra bir ad başqalarından daha çox ön plana çıxır - Mahir Emreli! Emin Mahmudovun gedişindən sonra komanda yoldaşlarından müsbət mənada fərqlənən məhz odu. Bəzən qeyri-sabit çıxışına görə tənqid etdiyimiz, bəzən qol imkanlarını boşa verdiyi üçün narazılığımızı bildirdiyimiz, ancaq meydandakı mübarizə əzmini danmadığımız Mahir. Qətiyyən mübarizədən qaçmır, topu itirəndə geri qayıtmağa, rəqibə təzyiq göstərməyə, komanda yoldaşlarına kömək etməyə çalışır. Bəzən hücumçu olduğunu unudub, müdafiəyə qədər gəlir, bəzən meydanın müxtəlif nöqtələrində rəqiblə mübarizəyə girir. Onun bu xüsusiyyətləri kapitanlıq üçün ciddi üstünlükdü. Üstəlik, Mahir Avropa futbolunun ab-havasını görmüş, müxtəlif ölkələrdə legioner həyatı yaşamış futbolçudu. Xaricdə qazandığı təcrübə ona fərqli xarakterli oyunçularla ünsiyyət qurmaq imkanı yaradacaq.
Bu gün Azərbaycan millisinin, sadəcə, kapitana yox, meydanda can qoyan, komanda yoldaşlarını da mübarizəyə səsləyən, arxasınca aparan liderə ehtiyacı var. Mahir isə bu rol üçün ən real namizəddi.
İSRAYIL XEYRULLAYEV
Kapitan sarğısı kimin qoluna yaraşır? - Bədavi də tükənib, qoy elə Mahirin olsun!
Ölkə futbolu / Manşet





