İspaniyada son turla bağlı elə də çox sual qalmamışdı, bununla belə, bəzi məqamlar dəqiqləşməliydi.
“Football-plus.az” xəbər verir ki, mövsümdə 26 “quru” oyun keçirən Ter Ştegen “Deportivo”nun qapıçısı Fransisko Lianyonun rekordunu təkrarlasa da, yeniləyə bilmədi. Daha doğrusa, ona Viqoda gənc istedad Veyqa mane oldu. “Selta” qalib gəlməsəydi belə, elitanı tərk etməyəcəkdi. Ona görə ki, “Valyadolid” minimum vəzifənin öhdəsindən gələ - “Xetafe”ni məğlub edə bilmədi. “Valyadolid”ə elitadan gedəcəyi çoxdan dəqiqləşən “Espanyol” yardım edə bilərdi. Ancaq “Almeriya”nı qəbul edən “tutuquşular” rəqibin 88-ci dəqiqədə hesabı bərabərləşdirməsinə imkan verməklə “Valyadolid” üçün “ölüm hökmü oxudu”. Ən önəmli məqamlardan biri Konfrans Liqasına vəsiqə verən 7-ci yeri hansı komandanın tutacağı idi. Evdə “Jirona”nı məğlub edən “Osasuna” bu pilləni özündə saxladı, hərçənd kataloniyalılar qələbə təqdirində bu hədəfə çatacaqdı. Çünki “Atletik” də “Real”la oyunda qələbəni qoruya bilməmişdi. Elə “Atletiko” da “Vilyarreal”la oyunda uzatma dəqiqələrində qol buraxıb 2-ci pilləni “Real”a verdi. “Real Sosyedad” “Sevilya”nı “göydən yerə endirdi”, “Malyorka” isə heç nəyi həll etməyən oyunda “Rayo Valyekano”nu darmadağın etdi.
“Vilyarreal”la “Atletiko” arasındakı oyunda maraqlı intriqa yaşandı. “Hindular”, demək olar ki, 2-ci yeri ələ keçirmişdilər, ancaq uzatma dəqiqələrində əldən verdilər. Hesabı 9-cu dəqiqədə Cekson açdı, 9 dəqiqə sonra Korrea bərabərlik qolunu vurdu. 2-ci hissədə madridlilər irəli atıldı. Ötürmələri ilə rəqib müdafiəsini müntəzəm yaran Qrizmann Korreanı qapıçıyla randevuya göndərdi ki, o da fərqlənməkdə çətinlik çəkmədi. Ancaq “Atletiko”nun qələbə arzusunu Vitsel gözündə qoydu. Belçikalı heç nədən “qırmızı” almaqla komandasını çətin vəziyyətə saldı. Sonradan meydana çıxan Paskual 2-ci uzatma dəqiqəsində hesabı bərabərləşdirməklə “Atletiko”nu gümüş medallardan məhrum etdi.
“Real” – “Atletik” oyununun yalnız qonaqlar üçün turnir əhəmiyyəti var idi. Basklar özləri qələbə qazanmalı və “Osasuna”nın büdrəməsinə bel bağlamalıydılar ki, belədə 7-ci yerin sahibi kimi Konfrans Liqasına düşürdülər. Qonaqların Madridə qələbə arxasınca gəldiyi ilk dəqiqələrdən göründü. Artıq 10-cu dəqiqədə onlar penalti qazandı, ancaq Vesqa Kurtua ilə dueldən məğlub ayrıldı. Sanset 2-ci hissənin əvvəlində “Atletik”i irəli çıxardı və ardından İnyaki Uilyams fərqi artırmaq şansını əldən verdi. “Real”a da elə bu lazım idi. 72-ci dəqiqədə artıq qonaqların qapısına penalti təyin olundu. Həmin gün komandada sonuncu oyununu keçirən 4 futbolçudan biri Benzema (Azar, Asensio və Dias da gedir) zərbəni dəqiq yerinə yetirdi. Tərəflərin son 20 dəqiqədə hesabı dəyişmək cəhdləri nəticə vermədi.
“Malyorka”nın onsuz da avrokuboklara vəsiqə şansı yox idi. Hər halda, adalılar 7-ci yerə iddialı üç komandanı arxada qoymağı, 9-cu yeri tutmağı bacardı. Balear adalarına 7-ci yeri tutmaq üçün böyükhesablı qələbəyə ehtiyac duyan “Rayo Valyekano” gəlmişdi. Darmadağın oldu, ancaq buna qonaqlar məruz qaldı. Bu oyun həm də hakim karyerasını bitirən Antonio Mateo Laosa fəxri dəhliz açılmasıyla əlamətdar oldu.
Turdan əvvəl 4-cü yeri tutacağı dəqiqləşən “Real Sosyedad” azarkeşləri ilə xoş ab-havada vidalaşdı. Bir neçə gün əvvəl növbəti dəfə Avropa Liqasını qazanan “Sevilya” meydana qarışıq heyətlə çıxdı, bu üzdən məğlubiyyəti də təəccüb doğurmadı.
“Valyadolid” elitada yalnız bir il davam gətirdiyinə görə yalnız özünü günahlandıra bilər! Bu komanda “Xetafe” ilə ev oyununun hər iki hissəsində üstün təsir bağışlasa da, real qol vəziyyətlərini yalnız sonda yaratdı. Plata cərimə meydançasının xətti üzərindən “çərçivə”yə düşə bilmədi. Elitadan gedişi çoxdan dəqiqləşən “Elçe” mövsümdəki son oyununda “Kadis”lə heç-heçə etdi.
“Betis” – “Valensiya” oyununun da turnir əhəmiyyəti yox idi. Paralel keçən oyunların nəticələrindən “yarasalar”ın elitada yerini qoruyacağı bilinirdi. “Valensiya” 81-ci dəqiqədə azlıqda qalsa da, meydandan heç-heçə ilə ayrıldı.
Çempionatı 7-ci yerdə bitirmək, KL-ə vəsiqə qazanmaq üçün “Osasuna” qələbəyə ehtiyac duyurdu. Ancaq “Jirona”nın da qələbə təqdirində eyni hədəfə çatması durumu çətinləşdirirdi. İlk yarıda qol olmadı. Pamplonalılar fasilədən dərhal sonra vəziyyətin ciddiliyini anladı. Budimir 4 dəqiqə aralığında iki qol vurdu. Reynir 75-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. “Jirona” qalan 15 dəqiqədə və artırılan vaxtda iki qol vurmalıydı ki, bunu da bacarmadı.
“Barselona” çempionatın sonluğunu boşa verdi – çempionluq təmin ediləndən sonra 4 oyunun üçündə uduzmağın başqa adı yoxdu. Kataloniya nəhəngi “Selta” ilə səfər oyununun yalnız son 15 dəqiqəsində ayıldı ki, onda da Fati təsəlli qolunu vura bildi.
Aşağı dəstəyə yuvarlanan “Espanyol” son turda az qala “Almeriya”nı da özünə qoşacaqdı. Bu komanda şəxsi oyunların nəticəsinə görə “Valyadolid”ə uduzduğundan 1 xala ehtiyac duyurdu. Həmin xalı gətirən qolu Embarba 87-ci dəqiqədə vurdu və “Almeriya”nı elitada saxladı.
38-ci tur
Selta – Barselona 2:1
Veyqa, 42; 65 – Fati, 79. (23365)
Barselona: Ter Ştegen (Penya, 63), Alonso, Kristensen (Qavi, 46), Kunde, Roberto, De Yonq, Qarsiya (Torre, 72), Kessye, Torres (Fati, 63), Rafinya (Dembele, 63), Levandovski.
Real – Atletik 1:1
Benzema, 72-p. – Sanset, 49. (60781)
Real: Kurtua, Naço, Rüdiger, Militao, Karvaxal, Sebalyos (Asensio, 58/Vaskes, 90+2), Kroos, Kamavinqa (Çuameni, 58), Vinisius, Rodriqo, Benzema (Modriç, 74).
Vilyarreal – Atletiko 2:2
Cekson, 9. Paskual, 90+2 – Korrea, 18; 56. (18226)
Atletiko: Qrbiç (Qomis, 85), Regilon (Morata, 84), Ermoso, Vitsel, Saviç, Molina, Saul, Koke, Barrios, Qrizmann, Korrea (Lemar, 85).
Real Sosyedad – Sevilya 2:1
Mendes, 27. Şo, 73 – Lamela, 77. (35065)
Real Sosyedad: Remiro, Riko, Paçeko, Subeldiya, Qorosabel, Subimendi (Merino, 61), Barreneçea (Gevara, 62), İllyarramendi (Oyarsabal, 61), Mendes, Sörlot (Fernandes, 75), Kubo (Şo, 72).
Osasuna – Jirona 2:1
Budimir, 52; 55 – Reynir, 75. (22128)
Espanyol – Almeriya 3:3
Puado, 13. Pyer-Qabriel, 49. Koleoşo, 73 – Ture, 10. Embarba, 58; 87-p. (14214)
Elçe – Kadis 1:1
Boye, 71 – Eskalante, 10. (16585)
Valyadolid – Xetafe 0:0
(25517)
Malyorka – Rayo Valyekano 3:0
Muriqi, 50. Kopete, 71. Anxel, 90+3. (14521)
Betis – Valensiya 1:1
Peres, 1 – Lopes, 71. (54087)
Yekun cədvəl
1. Barselona 38 28 4 6 70-20 88
2. Real 38 24 6 8 75-36 78
3. Atletiko 38 23 8 7 70-33 77
4. Real Sosyedad 38 21 8 9 51-35 71
5. Vilyarreal 38 19 7 12 59-40 64
6. Betis 38 17 9 12 46-41 60
7. Osasuna 38 15 8 15 37-42 53
8. Atletik 38 14 9 15 47-43 51
9. Malyorka 38 14 8 16 37-43 50
10. Jirona 38 13 10 15 58-55 49
11. Sevilya 38 13 10 15 47-54 49
12. Rayo Valyekano 38 13 10 15 45-53 49
13. Selta 38 11 10 17 43-53 43
14. Valensiya 38 11 9 18 42-45 42
15. Xetafe 38 10 12 16 34-45 42
16. Kadis 38 10 12 16 30-53 42
17. Almeriya 38 11 8 19 49-65 41
18. Valyadolid 38 11 7 20 33-63 40
19. Espanyol 38 8 13 17 52-69 37
20. Elçe 38 5 10 23 30-67 25
Bombardirlər: Levandovski (Barselona) – 23, Benzema (Real) – 19, Xoselu (Espanyol) - 16.
Turun rəqəmi
622 – La Liqada oyun sayını bu həddə çatdıran Xoakin Sançes turnirin rekordunu təkrarladı. “Betis”in 41 yaşlı xavbeki “Barselona”nın sabiq qapıçısı Andoni Subisarretaya çatdı. Bu göstəricidə 3-cü yerdə 589 oyunla Raul Qarsiya qərarlaşıb. İlk “5-liy”ə Raul (550) və Eusebio Sakristan (543) da daxildi.
Turun ulduzu
Ante Budimir (Osasuna) – bəli, Embarba da dubl etdi, Kurtua penaltini qaytardı, ancaq məhz bu futbolçunun qolları komandasına “Jirona” üzərində qələbə qazandırdı. Bu isə həm də Konfrans Liqasına vəsiqə deməkdi.
Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Beş dəyişiklik imkanımız var idi. Azarla Dias meydana buraxılmamasını xahiş etdi. Ancaq qeyd etmək istəyirəm ki, hər biri oynamadan da özünü əsl peşəkar kimi göstərdi. Növbəti mövsüm “Real”da qalacağım dəqiqdi, 100 faiz belədi”.
Faktlar
* Vinisiua La Liqada 150-ci oyununu keçirdi. Bu oyunların 96-da qələbə qazanan, 35 qol vuran braziliyalı 2020 və 2022-ci illərdə çempion olub.
* Korreanın hər iki qoluna şərait yaradan Qrizmann çempionatda məhsuldar ötürmələrin sayını 16-ya çatdırdı. “Böyük beşlik” ölkələrində yalnız Messi (PSJ) ilə De Bruyne (MS) belə nəticə ilə öyünə bilər. Qrizmann məhsuldar hərəkətlərin sayına görə La Liqanın lideri oldu. 16 ötürmə ilə yanaşı, 15 qol da vurub. Bu göstəricidə 2-ci yerdə “Barselona”dan Levandovski qərarlaşıb - 30 (23+7).
* 38 oyunda 18 qol buraxan (hər oyunda orta hesabla 0,47) Ter Ştegen “Marca” qəzetinin təsis etdiyi Samora mükafatını qazandı. 0,47 “Deportivo”nun qapıçısı Fransisko Lianyonun 1993/94 mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarıdı. Yan Oblak (Atletiko) da 2015/16 mövsümündə eyni nəticəni göstərib.