İspaniyada son tur ərəfəsində, demək olar ki, həllini tapmayan məsələ yoxdu.
“Football-plus.az” xəbər verir ki, yalnız 7-ci yeri tutub Konfrans Liqasına vəsiqə qazanacaq – bu yerə 5 iddiaçı var – komandanın, eləcə də elitanın 3-cü uğursuzunun adı məlum deyil. “Real Sosyedad” Madriddə “Atletiko”ya uduzsa da, 4-cü yeri əldən vermədi. Çünki paytaxtın bir başqa stadionunda paralel keçən oyunda “Rayo Valyekano”ya uduzan “Vilyarreal” ÇL-lə bağlı riyazi şansını da itirdi. Səfərdə “Jirona” üzərində əzmkar qələbə qazanan “Betis” 6-cı yerdə möhkəmləndi. Kataloniyalılar qələbə təqdirində 7-ci pilləni ələ keçirəcəkdi. Bu yerə iddialı “Atletik” uzatma dəqiqələrində “Elçe”dən qol buraxmaqla şoka düşdü. “Real” səfərdə “Sevilya”nın müqavimətini qırdı, “Barselona” “Malyorka”nı darmadağın etdi.
“Atletiko” ilə 2-ci yer uğrunda mübarizəni davam etdirən “Real” “Sevilya”nın qonağı idi. Artıq 3-cü dəqiqədə Mir qonaqları məyus etdi. Benzemanın yoxluğunda liderliyi boynuna götürən Rodriqo oyunun belə axarından razı ola bilməzdi. Braziliyalı 29-cu dəqiqədə cərimə zərbəsini möhtəşəm yerinə yetirdi. Elə 69-cu dəqiqədəki qələbə topunu da Rodriqo vurdu. Uzun reydin ardından cərimə meydançasına daxil olub 12 metrdən topu tora göndərdi. Bəlkə də “Sevilya” hesabı bərabərləşdirə bilərdi. Sadəcə, 83-cü dəqiqədə birbaşa “qırmızı” ilə meydandan qovulan Akunya komandasını gücünü Avropa Liqasının finalı üçün qorumağa vadar etdi. Axı bu turniri qazanan ÇL-in qrupunda oynayacaq.
“Malyorka” “Barselona” üçün problem yaratmadı. Əsas hadisələr ilk yarının əvvəlinə təsadüf etdi. 50-ci saniyədə Fati hesabı açdı. 14-cü dəqiqədə Baldeyə açıq ayaqla hücum edən Amat adalıların ümidlərini puça çıxardı. Say üstünlüyü qazanan “Barsa” tezliklə 2-ci qolu da vurdu. 2-ci hissədə də oyunun mənzərəsi dəyişmədi. 70-ci dəqiqədə Qavi 3-cü qolu vurdu. Oyun de-fakto 80-ci dəqiqədə bitdi. Ona görə ki, Xavi komanda ilə vidalaşan Alba ilə Busketsi əvəzlədi və bütün stadion onları alqışlarla yola saldı.
“Atletiko” – “Real Sosyedad” oyununda mübarizə ilk 30 dəqiqədən sonra qızışdı. 37-ci dəqiqədə Qrizmannın uzaq küncə göndərdiyi zərbəni müdafiəçilərin önünü qapadığı Remiro gözləmirdi. 2-ci hissənin ortalarında Barreneçea hesabı bərabərləşdirmək imkanını qaçırdı və ardından “hindular” fərqi artırdı. Bu dəfə Molina fərqləndi. Baskların gücü yalnız 88-ci dəqiqədə təsəlli qolunu vurmağa çatdı. Düzdü, məğlubiyyət onları o qədər də məyus etmədi. Axı paralel keçən oyunda “Vilyarreal” da “Rayo Valyekano”ya uduzdu. İlk yarıda hesab açılmadı. 2-ci hissənin əvvəlində De Tomas və Palason ardıcıl iki qol vurdu. “Real Sosyedad” kimi, “sarı sualtı qayığ”ın da gücü yalnız təsəlli qoluna çatdı. Halbuki uzatma dəqiqələrini də nəzərə alsaq, sona hələ 13 dəqiqə qalırdı, yəni hesabı bərabərləşdirmək olardı.
“Betis”ə qələbə lazım deyildi. Amma “xiyarlar” səfərdə qələbə qazanmaqla “Jirona”nın 7-ci yeri tutmaq planına da əngəl oldu. “Atletik”in halına acımağa dəyər. Bilbaolular çoxdan taleyi ilə barışan “Elçe”ni məğlub etsəydi, praktiki cəhətdən Konfrans Liqasına vəsiqəni təmin edəcəkdi. Ancaq evdə şok məğlubiyyətlə üzləşən Valverdenin komandası son turda qalib gəlsə belə, hədəfinə çatmaya bilər. Çünki “Osasuna” şəxsi oyunlarda “Atletik”dən üstündü. Yeri gəlmişkən, Pamplona klubu da hesabat turunda “Xetafe”yə uduzdu. Madridlilər bu qələbə sayəsində elitaqa qalmaq şansını artırdı.
Turun qalan oyunlarına gəlincə, “Selta” “sahilyanı” derbidə “Kadis”ə uduzdu. Hərçənd qələbə viqolulara elitada yerini qorumaqda yardım edəcəkdi. “Almeriya” ilə “Valyadolid” strateji heç-heçəyə imza atdı. Evdə “Espanyol”la heç-heçə edən “Valensiya” bu komandanı aşağı dəstəyə göndərdi. “Yarasalar”ın həm də elitadakı yerini qoruduğunu demək olar. Axı son turda “Xetafe” “Valyadolid”lə qarşılaşacaq və iki komandadan birinin xal itirəcəyi dəqiqdi.
Beləliklə, son tur ərəfəsində İspaniyanı ÇL-də “Barselona”, “Real”, “Atletiko” və “Real Sosyedad”ın təmsil edəcəyi dəqiqləşdi. Avropa Liqasına “Vilyarreal”la “Betis” yollanır. Konfrans Liqasına yeganə vəsiqə uğrunda “Osasuna”, “Atletik”, “Jirona”, “Rayo Valyekano” və “Sevilya” davam etdirir. Daha 6 komanda – “Valensiya”, “Xetafe”, “Kadis”, “Almeriya”, “Selta” və “Valyadolid” elitada yerini qorumağa çalışır.
37-ci tur
Barselona – Malyorka 3:0
Fati, 1; 24. Qavi, 70. (88775)
Barselona: Ter Ştegen, Alba (Alonso, 81), Kunde, Kristensen, Balde (Roberto, 17), De Yonq, Buskets (Qarsiya, 85), Qavi, Fati (Rafinya, 79), Dembele (Torres, 84), Levandovski.
Sevilya – Real 1:2
Mir, 3 – Rodriqo, 29; 69. (29856)
Real: Kurtua, Mendi (Rodriges, 67), Alaba, Militao, Vaskes (Rüdiger, 82), Modriç, Çuameni, Kroos, Sebalyos, Valverde (Kamavinqa, 55), Rodriqo (Naço, 81).
Atletiko – Real Sosyedad 2:1
Qrizmann, 37. Molina, 73 – Sörlot, 88. (56169)
Atletiko: Qrbiç, Regilon (Korrea, 71), Vitsel, Ximenes, Ermoso, Molina, Saul, Koke, De Paul (Barrios, 81), Qrizmann, Karrasko.
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Elustondo (Qorosabel, 59), Subimendi, Oyarsabal (Barreneçea, 59), Merino (Mendes, 59), İlyarramendi (Şo, 71), Kubo (Fernandes, 71), Sörlot.
Valensiya – Espanyol 2:2
Lopes, 38. Lino, 90+3 – Montes, 40. Breytveyt, 50. (44141)
Jirona – Betis 1:2
Qutyerres, 36 – İqlesias, 47; 77. (12833)
Almeriya – Valyadolid 0:0
(14608)
Rayo Valyekano – Vilyarreal 2:1
De Tomas, 56. Palason, 63 – Lo Çelso, 83. (11085)
Kadis – Selta 1:0
Sobrino, 53. (19725)
Xetafe – Osasuna 2:1
Latasa, 39. Mata, 90 – Avila, 2. (13510)
Atletik – Elçe 0:1
Boye, 90+2. (37800)
1. Barselona 37 28 4 5 69-18 88
2. Real 37 24 5 8 74-35 77
3. Atletiko 37 23 7 7 68-31 76
4. Real Sosyedad 37 20 8 9 49-34 68
5. Vilyarreal 37 19 6 12 57-38 63
6. Betis 37 17 8 12 45-40 59
7. Osasuna 37 14 8 15 35-41 50
8. Atletik 37 14 8 15 46-42 50
9. Jirona 37 13 10 14 57-53 49
10. Rayo Valyekano 37 13 10 14 45-50 49
11. Sevilya 37 13 10 14 46-52 49
12. Malyorka 37 13 8 16 34-43 47
13. Valensiya 37 11 8 18 41-44 41
14. Xetafe 37 10 11 16 34-45 41
15. Kadis 37 10 11 16 29-52 41
16. Almeriya 37 11 7 19 46-62 40
17. Selta 37 10 10 17 41-52 40
18. Valyadolid 37 11 6 20 33-63 39
19. Espanyol 37 8 12 17 49-66 36
20. Elçe 37 5 9 23 29-66 24
Bombardirlər: Levandovski (Barselona) – 23, Benzema (Real) – 18, Xoselu (Espanyol) - 16.
Sonuncu turun oyunları iyunun 4-də keçiriləcək: Osasuna – Jirona, Espanyol – Almeriya, Elçe – Kadis, Valyadolid – Xetafe, Selta – Barselona, Vilyarreal
– Atletiko, Real – Atletik, Real Sosyedad – Sevilya, Malyorka – Rayo Valyekano, Betis – Valensiya.
Turun rəqəmi
26 – cari mövsümdə “quru” oyunların sayını bu həddə çatdıran “Barselona” “Deportivo”nun 1993/94 mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarladı. Mütləq rekorda nail olmaq üçün son turda “Selta”dan qol buraxmamaq lazımdı.
Turun ulduzu
Rodriqo (Real) – düzdü, Fati də dubl edib, ancaq biz ardıcıl 2-ci oyunda komandasına qələbə qazandıran braziliyalını seçdik. Benzema ilə Vinisiusun yoxluğunda hücum xəttində liderliyi boynuna götürdü. İlk yarıda cərimə zərbəsindən gözəl qol vurdusa, 2-ci hissədə də əks-hücumu dəqiq zərbə ilə bitirdi.
Turun sitatı
Mark-Andre ter Ştegen, “Barselona”nın qapıçısı: “Rəqəmlərə əsasən mühakimə yürütsək, bu, “Barselona”dakı ən yaxşı mövsümümdü. Bu uğuru mənlə paylaşan oyunçulara görə çox sevinirəm, bu rekord bir adamın xidməti deyil. Növbəti həftə üçün hədəf rekordu qırmaqdı”.
Faktlar
Cari mövsümdə 15 qol vuran və 15 məhsuldar ötürmə verən Qrizmann şəxsi məhsuldarlıq rekordu müəyyənləşdirdi. Fransalı hücumçü 2015/16 (22+6) və 2017/18 (19+9) mövsümlərini “qol+ötürmə” sistemi üzrə 28 xalla bitirmişdi.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Mövsümü yaxşı bitirmək istəyirik. Ən yaxşı oyunumuzu göstərmək üçün motivasiya tapmaq mümkünsüzdü. Oyunun gedişində komanda tədricən özünəinam qazandı və topa nəzarəti ələ keçirdi. Oyunumuz xoşuma gəldi. Rodriqo DÇ-dən sonra aparıcı rol oynayır, dəfələrlə həlledici amilə çevrilib. O, hücumun istənilən mövqeyində oynaya bilir”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Komandanın ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlməməyə haqqı yox idi. Azarkeşlər oyundan məmnunluq duydu. Buskets və Alba dostlarımdı, bizə çox yardım ediblər. Biri əla cinah oyunçusu, o biri əla dayaq yarımmüdafiəçisidi. Bu ayrılığa görə tüklərim biz-biz olur. Çoxlu xoş xatirəmizin olduğu “Nou Kamp”ı tərk etdiyimizə görə bir qədər heyifsilənirik. Bu arenada çoxlu sevinci anlarımız olub. Ancaq yeni stadion daha yaxşı olacaq”.