Avropa Liqasının finalını idarə edən Entoni Teylor üçün Budapeşti tərk etmək heç də asan olmayıb. İngiltərəli referi “Roma”nın azarkeşlərinin böyük etirazı ilə üzləşib.
“Football-plus.az” xəbər verir ki, hadisə cümə axşamı Macarıstanın paytaxtının hava limanında baş verib. Kafedə Teylorla qarşılaşan italiyalı fanatların gözü dönüb. Apenninlilər hakimə və ailəsinə hücum ediblər. “Roma”nı dəstəkləyən azarkeşlər hava limanının təhlükəsizlik xidmətinin əməkdaşlarını arxada qoymaqla Teylor ailəsinə fiziki təzyiq göstərməyə çalışıblar. Buna nail ola bilməyən italiyalılar onlara tərəf stul və butulkalar atıblar.