Son günlər məlum səbəbdən dünyadakı populyarlığı daha da artan Kriştiano Ronaldo ilə bağlı baş verən növbəti hadisələrin də cəlbedici olması təbii sayılmalıdı.
"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, ulduz futbolçu yığmanın düşərgəsini özbaşına tərk etməklə böyük qalmaqala səbəbkar olub.
Portuqaliya Futbol Federasiyasının (PFF) İntizam Şurası onun milli komandanın təlim-məşq toplanışını icazəsiz tərk etməsi ilə bağlı araşdırmaya başlayıb. Oktyabrın 9-da açılan intizam işi çərçivəsində futbolçuya qarşı müvəqqəti diskvalifikasiya qərarı da qəbul olunub. İşə təcili statusu verilib və oktyabrın 10-da materiallar PFF-nin İntizam-İstintaq Komitəsinə göndərilib. Araşdırma başa çatana qədər işin materiallarının açıqlanması qadağan edilib. “A Bola” qəzetinin yazdığına görə, Ronaldo baş verən hadisələrlə əlaqədar yığmanın kapitanı vəzifəsindən də avtomatik olaraq kənarlaşdırılıb.
Ronaldonun milli komandanın baş məşqçisi Jorje Jezuşla münasibətləri Millətlər Liqasının Norveçlə seçmə oyunundan sonra gərginləşib. Futbolçunun sözlərinə görə, əvvəlcə onun Norveç və Danimarka ilə matçlarda oynamayacağı razılaşdırılıb. Lakin sonradan Jezuş Norveçlə oyunda ona təxminən 30 dəqiqə oynamaq imkanı verəcəyini bildirib. Ronaldo isinmə hərəkətləri etsə də, meydana buraxılmayıb.
Portuqaliyalı hücumçu daha sonra məşqçinin mətbuat konfransında əvvəlcədən razılaşdırılmış izahatı səsləndirmədiyini iddia edib. Onun sözlərinə görə, bu, məşqçiyə olan etimadını sarsıdıb və milli komandanın düşərgəsini tərk etmək qərarına səbəb olub. Jezuş isə tərəflər arasında belə bir razılaşmanın olduğunu təsdiqləməyib.
Beləliklə, federasiyanın intizam araşdırmasına səbəb Kriştianonun məşqçi ilə yaşadığı münaqişədən sonra komandanın düşərgəsini icazəsiz tərk etməsi olub. Qalmaqala baxmayaraq, PFF-nin prezidenti Pedru Proensa “Əl-Nəssr”in 41 yaşlı hücumçusunun Millətlər Liqasının noyabra təyin olunan oyunlarında milli formada görünəcəyinə ümid edir: “Federasiya, məşqçi, bütün komanda yoldaşları eyni fikirdədi: biz Kriştianonun qayıtmasını istəyirik. Mən onun elə noyabrdakı beynəlxalq fasilə zamanı dönməsini istəyirəm. Kriştiano da qayıtmağa hazırdı. O, bütün dövrlərin ən yaxşısıdı”.
Sanki Proensanın son fikrindən ilhamlanan Ronaldo da özünü futbol tarixinin ən yaxşı oyunçusu sayır: “Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə. Rəqəmlər hər şeyi deyir. Özümdən daha yaxşı heç kimi tanımıram”. Kriştiano Lionel Messi ilə rəqabətini “Formula 1”in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı mübarizə ilə müqayisə edib: “Biz həmişə çox yaxşı münasibətdə olmuşuq. Bir-birimizi motivasiya etmişik. Tarix artıq yazılıb. Mən bu gün karyeramı başa vursam, heç nəyə görə peşman olmaram”.
Ronaldo: “Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
Dünya futbolu





