Makdevid nikbindi, baş menecer banandan danışır...

22.05.2023 17:43 207
İdman
Xəbər verdiyimiz kimi, MHL-in iddialı komandalarından “Edmonton” “Veqas”la seriyada 2:4 uduzmaqla Stenli kuboku uğrunda mübarizəni dayandırıb.

Komandanın kapitanı Konnor Makdevid belə hesab edir ki, yaxın illərdə “neftçilər”in turniri qazanmaq üçün yaxşı şansı var: “İki əla komanda bir-birinə qarşı oynayanda hər şeyi xırda detallar həll edir. Hədsiz çox səhvə yol verdik və rəqib bundan yararlandı. Belə bərabər səviyyəli komandaların seriyasında səhv etmək olmaz.

Hesab edirəm ki, “Edmonton” qarşıdakı illərdə Stenli kubokuna iddia edəcək. Heyətimizə baxın. Bütün aparıcı oyunçuların müqaviləsi var, hər biri karyerasının çiçəklənmə dövrünü yaşayır. Bütün bunları, sadəcə, bir araya gətirmək lazımdı”.

Xatırladaq ki, Makdevid Stenli kuboku uğrunda keçirdiyi 12 oyunda 20 (8+12) xalla yadda qaldı.

“Edmondon”un baş meneceri Ken Holland da ulduzunun nikbinliyini bölüşür:

“Müqavilə üzrə bir ilim və bitməyən hesabım var. İndiki mərhələdə mən artıq yaşıl banana investisiya qoymuram. Onların necə yetişdiyini, rənginin saraldığını görmək üçün yetərincə uzun müddət işləyəcəyimə əmin deyiləm. Ancaq hələ də enerji və ehtiras ilə doluyam. Sonunci dəfə 2008-ci ildə Stenli kubokunu qazanan komandanın (“Detroyt”un – red.) baş meneceri olmuşam. Bu isə 15 il əvvəl baş verib. Bir daha bunu etmək istəyirəm. Düşünürəm ki, komandamız buna qadirdi”.