“Football-plus.az” xəbər verir ki, srağagün keçirilən “Edmonton” – “Veqas” oyununun nəticəsi çoxlarını təəccübləndirdi. Hesabı açan “neftçilər” bir-birinin ardınca 5 qol buraxdı. Onların əsas ulduzları – Leon Drayzaytl ilə Konor Makdevid buz üzərindən xalsız ayrıldı. Cari pley-offda keçirdiyi əvvəlki 9 oyunda 17 (13+4) xal toplayan Drayzaytl ilk dəfə, Makdevid isə (9 oyunda 15 xal) 2-ci dəfə belə aqibətlə üzləşdi. Kanada klubu oyunun gedişində iki dəfə say üstünlüyü qazansa da, bunların heç birindən yararlana bilmədi.
Dünənki oyunlara gəlincə, “Karolina” “Nyu-Cersi”ni darmadağın etməklə seriyada 3:1 önə çıxdı. “Nyu-Cersi”nin baş məşqçisi Lindi Raff acınacaqlı məğlubiyyətə görə məyusluğunu gizlətmədi:
“Seriyanın vacib oyunundakı çıxışımıza görə çox məyusam. “Karolina” ötən məğlubiyyətdən sonra seriyanın axarını dəyişdi. Rəqibin hokkeyçiləri şayba uğrunda daha yaxşı mübarizə apardı, təkbətək mübarizələrdən qalib ayrıldılar. Pley-offda oynamaq çətindi. Bu gün qalib gəlmək üçün yetərincə yüksək səviyyə göstərmədik”.






