Dünən bundesliqanın 24-cü turunda Rur derbisi baş tutdu.
"Football-plus.az" xəbər verir ki, Dortmund ''Borussiya''sı səfərdə oynamasına baxmayaraq favorit sayılırdı. Amma ''Şalke-04'' son dönəmlərdəki yüksəlişinin təsadüfi olmadığını göstərdi. Meydan sahibləri 2 dəfə hesabda geri düşsələr də, görüş 2:2 hesabı ilə başa çatdı. ''Borussiya'' bu qarşılaşmada həm də öz tarixinin yeni rekorduna imza ata bilərdi. Belə ki, son 8 turda xal itirməyən ''arılar'' bundesliqada ilk dəfə 9 oyunluq qələbə seriyası yaxalaya bilərdilər. Maraqlıdı ki, ''Şalke-04''ü məğlubiyyətdən xilas edən və qonaqları rekorda həsrət qoyan futbolçu türkiyəli Kənan Karaman oldu. 68-ci dəqiqədə meydana çıxan 29 yaşlı oyunçu 11 dəqiqə sonra başla fərqlənərək yekun nəticəni müəyyənləşdirdi. Özü də bu, Karamanın cari mövsüm bundesliqada vurduğu 1-ci qol oldu. Almaniyada doğulan və uzun illər bu ölkədə top qovan Kənan son 2 mövsümü ''Beşiktaş''da keçirmişdi. Amma onun Türkiyə karyerası uğursuz alındığından ötən yay yenidən Almaniyaya qayıtmağa üstünlük vermişdi. Maraqlıdı ki, Kənan bundesliqada son qolunu 2020-ci ilin mayın 27-də ''Fortuna''nın heyətində hazırki klubu ''Şalke-04''ün qapısına vurmuşdu.