AFFA klubların xahişini nəzərə alıb

20.04.2023 19:15 420
Ölkə futbolu / Manşet
Region Liqasının pley-off mərhələsində "Marxal-Şəki" - "Qobustan" görüşünün təxirə salınmasıyla bağlı xəbər vermişdik.

Səbəb kimi də qonaq komandanın 8 oyunçusunun Ümrə ziyarətində olması göstərilmişdi. Lakin Region Liqasında oyunların təşkili və keçirilməsinə cavabdeh olan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev qarşılaşmanın təxirə salınmasını təşkilati məsələlərlə və tərəflərin müraciətindən sonra oyunun tarixinin dəyişdirilməsiylə əlaqələndirmişdi. "Football-plus.az" saytı olaraq məsələylə bağlı "Qobustan"ın vitse-prezidenti Taleh Gülməmmədovun reaksiyasını öyrəndik:

"Püşkatma zamanı mən də Ümrə ziyarətindəydim. "Marxal-Şəki"ylə oyunumuzun təxirə salınması yalnız futbolçularlmızın Ümrə ziyarətində olmalarıyla bağlı deyil. Belə ki, yağış yağdığına görə stadionunun qazonu yararsız vəziyyətə düşüb. Bu da Region Liqasının reqlamentinə uyğun gəlmir. Ona görə Şəki təmsilçisiylə razılığa gələrək oyunun tarixinin dəyişdirilməsi üçün Region Liqasının adidiyyatı şəxslərinə müraciət etdik və xahişimiz nəzərə alındı".


ABDULLA İSMAYILOĞLU