Misli premyer-liqasının 30-cu turunun bağlanış matçında "Sabah" "Qarabağ"ı 2:1 hesabı ilə üstələdi. "Bayquşlar"ın heyətində ən yaxşılardan biri də Aleksey İsayev idi. Coy-Lens Mikels məhz onun yerinə yetirdiyi cərimə zərbələrindən sonra fərqləndi.
"Football-plus.az" olaraq Alekseylə həm son çempion üzərində qələbə, həm yığmadakı çıxışı ilə bağlı danışdıq.
- Lider üzərində qələbəni şərh edərdin...
- Çətin, maraqlı matç alındı. "Qarabağ" olduqca güclü komandadı. Orda çıxış edən çoxlu dostum var, hamısına dəyər verir, hörmət edirəm. Bu gün bizim bəxtimiz daha çox gətirdi və qalib gəldik. Bundan sonra da üzərimizdə çalışıb uğurlu çıxışı davam etdirəcəyik. "Qarabağ"a da hər şeyin yaxşısını arzulayıram.
- Autsayder "Səbail"ə uduzursuz, amma son çempionu kreativ futbol sərgiləməklə məğlub edirsiz. Belə təzadın səbəbi nədi?
- Düşünürəm ki, "Səbail"lə oyunda həm bəxtimiz gətirmədi, həm də toparlana bilmədik. Bunun nəticəsiydi ki, zəif çıxış etdik və məğlub olduq. Bu gün isə əksinə, tam toparlanmışdıq, qələbəyə inanırdıq, meydanda da bütün gücümüzü qoyduq.
- Çempionatın sonuna 6 tur qalıb. Çempion olmaq şansınız hələ də davam edir. Birinci ola biləcəyinizə inanırsan?
- Biz oyundan-oyuna irəliləyib, inkişaf edirik. Üzərimizə düşən əsas vəzifə hər matçda maksimumu etməkdi. Qalanını isə zaman göstərəcək.
- Yığmamızın son iki oyundakı uğursuzluğu ilə bağlı fikirlərin də maraqlıdı...
- Seçmə mərhələdəki son oyunlarımız utandırıcıdı. Bu öz oyunuma da aiddi. Buna görə ölkə qarşısında üzr istəyirəm. Amma ümidimizi itirmirik. Fikrimcə, hazırkı uşaqlar millinin ən yaxşı futbolçu nəslidi. Ona görə üzərimizdə daha çox işləməklə ölkənin əsas komandasını inkişafa aparacağımıza inanıram.
- Yığmanın heyətində ötən il qol hesabını açdın. Davamını gətirməyi düşünürsən?
- İnanıram ki, qarşıdakı oyunlarda həm qollar vuracam, həm də məhsuldar ötürmələr verəcəm. Öz oyunum və qollarımla da bütün Azərbaycanı sevindirəcəm.
ABDULLA İSMAYILOĞLU