Bu mövsüm klublara 14 legionerlə müqavilə imzalamağa, superliqa matçlarında isə əsas heyətdə maksimum 8 əcnəbi oynatmağa icazə verilir. Yəni faktiki “8+3” limiti tətbiq olunur.
"Football-plus.az" xəbər verir ki, çərşənbə günü Klublar Birliyi ilə Türkiyə Futbol Federasiyası arasında limit məsələsinə həsr olunan toplantı keçirilib. Həmin toplantının gedişində yaşanan müzakirələr bəlli olub.
Sən demə, “Qalatasaray”, ümumiyyətlə, limitin yığışdırılmasınını tərəfdarıdı. Başqan Dursun Özbək topantıda məhz bu təkliflə çıxış edib. “Cim-Bom” bir növ İngiltərə modelinin tətbiq olunmasını istəyir. Bilindiyi kimi, həmin ölkədə limit yoxdu. Amma yeni transferə işçi vizasının verilməsi üçün o, son 2 ildə ölkəsinin yığmasının keçirdiyi oyunların 75 faizində iştirak etməlidi. Eyni zamanda bir klub Avropa Birliyinə daxil olmayan ölkələrin maksimum 3 futbolçusu ilə müqavilə imzalaya bilər.
Bəzi mənbələrin yazdığına inansaq, “Qalatasaray”ın limitin birdəfəlik yığışdırılması ilə bağlı təklifini superliqanın 9 klubu dəstəkləyib. Amma bu ideyaya qarşı çıxanlardan biri “Fənərbaxça” olub. “Fənər”in və Klublar Birliyinin prezidenti Əli Koç toplantıda bunları deyib:
“Gələn mövsüm də indiki kimi “8+3”ün davam etməsini istəyirik. Bundan sonra nəyisə dəyişdirmək çox gecdi. Çünki klublarımız planlarını “8+3”ə əsasən qurub. Bir sonrakı mövsüm, yəni 2024/25 üçün limitin yığışdırılması barədə düşünmək olar”.
Koçun sözlərindən sonra onunla Özbək arasında kiçik bir münaqişə yaşanıb. Özbəkin cavabı belə olub:
“Hansı klub plan qurub? Burda iştirak edənlərin 70 faizi limitin yığışdırılmasının tərəfdarıdı. Bizim fikrimiz çoxluğun fikri ilə üst-üstə düşür. Qərar belə olmalıdı”.
Son dönəmlərdə federasiya ilə ulduzu barışmayan və qurumun tədbirlərində iştirak etməyən “Beşiktaş” budəfəki toplantıya da nümayəndə göndərməmişdi. Ona görə də “Beşiktaş”ın limit məsələsində mövqeyi bəlli deyil.
Yəni toplantıdan konkret bir qərar çıxmadı. Amma klublar gələcək planlarının dəqiqləşməsi üçün federasiyadan limitlə bağlı qərarın mümkün qədər tez verilməsini tələb edib.
TFF başqanı Mehmet Büyükekşi isə klublara qərarın uzağı mayın əvvəllərində açıqlanacağına söz verib.




