Ötən sayımızda “Şuşa”nın təsisçisi Azəri Hüseynovun müraciətini diqqətinizə çatdırmışdıq.
Klub rəsmisi “Difai”nin Şuşa adından istifadə etdiyini dilə gətirmişdi. Azəri bəy klubu yenidən bərpa etməsinə mane olduqlarını söyləmişdi. Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün “Difai”nin prezidenti Asəf Məlikovla əlaqə saxladıq:
“Birincisi, Şuşa hər bir azərbaycanlının yurdudu, doğma şəhəridi. İndi mənim yanımda həm komandamızın, həm də İdarə Heyətimizin üzvü Anar Orucov var. O, Şuşakənd istiqamətində yaralanıb. İndi Azəri bəyə sual verirəm ki, Şuşanı təmsil etmək onun haqqıdı, yoxsa həmin torpaq uğrunda qanı tökülənlərin? Şuşa hər bir azərbaycanlınındı. İkincisi, bizə kimsə dəstək olmur. Özümüz özümüzə köməyik. “Şuşa” o qədər güclü idisə, idmanın əsas prinsipi olan qalib gəlməkdən istifadə edərdi. Region Liqasında bu mövsüm iştirak etdik. Qrup mərhələsinin 12 oyunundan 11-də qələbə qazandıq. Amma “Şuşa”nı bu mübarizədə görmədim. Belə baxanda biz “Difai” futbol klubuyuq. “Difai-Şuşa” deyil adımız. Yer seçiminə gəlincə, Anar Orucovun Şuşakənddə yaralanmasını nəzərə aldıq. Bəli, orda məskunlaşmaq istəyirik. Amma nə vaxt Şuşada stadion olsa, o zaman bunu edə bilərik. Tutaq ki, addan istifadə edirik. Bakıda 10 klub var. Kimsə “Bakı” adında klub yaradırsa, onda “Neftçi” bu şəhəri təmsil edə bilməz? “Zirə”, “Xəzri”, “Səbail”, “Sabah” Bakını təmsil edə bilməz? Yəni bu iddia mənə bir qədər gülünc gəlir. Yenə deyirəm, kluba dəstək olan özümüzük. Şikayətçidisə, ola bilər. Ümumiyyətlə, addan istifadə etmək fikrini qəbul edə bilmirəm. Azəri bəy deyir ki, onun qarşısını almışıq. Biz nə etdik? Region Liqasında onların çıxış etdiyini görmədik. Bizdən şikayətçi olmaq istəyirsə, özü bilər. Hüquqi dövlətdə yaşayırıq. Biz “Difai” kimi müraciət etdik. Qərar verdik ki, “Difai-Şuşa” olaq. Kiminsə etirazı və narazılığa varsa, özü bilər”.
Həmsöhbətimiz klubla bağlı detalları da açıqladı:
“Difai” hardan çıxdı? 1905-06-cı illərdə fəaliyyətə başlamış, adını tariximizə qızıl hərflərlə yazdırmış təşkilatıq. Bu qurumu Əhmədbəy Ağaoğlu yaradıb. “Difai” üç istiqamətdə fəaliyyət göstərib. Gəncədə, Bakıda və Şuşada işlər görüblər. Bizim tarixlə bağlı nəyisə sübut etmək istəyimiz yoxdu. Hüquqi cəhətdən narazılığı varsa, şikayət edə bilər. Bizə olan maliyyə dəstəyindən narahatdısa, özü araşdırma apara bilər. Görsün ki, bizə kənardan 1 qəpik dəstək verən var? Nə ediriksə, öz gücümüzlə çalışırıq. Bizim üçün fərqi yoxdu, istəyir Şuşada beş klub olsun. Bunlar hamısı çempion olmayacaq ki. Şuşa təkcə ona aid deyil, hamımızındı. O ki qaldı döyüşlərdə iştirak məsələsinə. Araşdırsaz, görərsiz ki, mən də vuruşmuşam. Lazımdısa, vəsiqəmi göndərim ona. Cocuq Mərcanlının işğaldan azad olunmasında iştirak etmişəm. Onda mən “Cəbrayıl”dan şikayətçi olum? Deyim ki, burdakıların bu adddan istifadə etmək hüququ yoxdu? Bu bir qədər absurddu. Komanda yaradır-yaratsın, Region Liqasında iştirak etmək istəyir-etsin, amma kiməsə qadağa qoya bilməz. Şəxsən bizə “haqqları yoxdu” deyə bilməz. Biz klubu yaradanda məqsədimiz qazi və azərbaycanlı gəncləri ətrafımıza yığmaq idi. Deyir ki, addan ilk dəfə biz istifadə etmişik. Bəs nə əldə ediblər? Gülüncdü bu fikirləri səsləndirməsi. Mən qazi adından istifadə edirəm? Anar bəlkə istifadə edib? Nə etmişik? Anar mənim yanımdadısa, onun adından necə istifadə etmiş oluram? Eşqin Tağıyev bu gün Region Liqasının bombardiridisə, işini görür də. Qəhrəman var, “Difai”nin qapıçısıdı. Top buraxanda deyirəm ki, bu sayılmasın? Nədi-nədi, qazidi? Mənim komandamda çoxlu qazi var. Onların adlarının nəyindən istifadə etmişəm? Bununla bağlı sübutu var? Belə boş-boş danışıqlar ürək bulandırmaqdan başqa bir şey deyi. Sponsor axtarırsa, özünü “Difai” ilə reklam etməsin. Biz 2018-ci ildən idman klubu kimi fəaliyyət göstərirdik. 2022-də futbol klubu da yaratdıq. Hər ikisi də fəaliyyətini davam etdirir. Bu klubu yaradanda düşündük ki, düşmənlərimiz qıcıqlanacaq. Hamı belə fikirləşirdi. Amma əsas məramımız gənclərimizə örnək olmaq idi. Düşünürdük ki, atdığımız addım bir çox klubumuza örnək olacaq. Amma inanmazdım ki, “Difai” adı və ya qazilərimizin futbol klubu yaratması Azərbaycanda kimlərisə qıcıqlandıracaq”.
İLKİN SULTANLI