“Neqreyra işi”nə həsr olunan mətbuat konfransı gələn həftə keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta aprelin 17-də İspaniya Futbol Federasiyasının texniki hakimlər komitəsinin sabiq vitse-prezidentinə ödənişlərlə bağlı sualları cavablayacaq.
Xatırladaq ki, Barselona prokurorluğu Xose Mariya Enrikes Neqreyraya ödənişlərlə bağlı mümkün korrupsiya halları üzrə klubun sabiq prezidentləri Xosep Bartomeu və Sandro Rosel haqda məhkəmə iddiası qaldırıb. “Barsa” təsdiq edir ki, Neqreyra hakimlərlə bağlı hesabat hazırladığına görə 2001-18-ci illər aralığında klubdan 7,3 milyon avro alıb.
27-ci çempionluğa doğru irəliləyən Kataloniya nəhəngi ilə bağlı maraqlı transfer xəbərləri də var. “Barselona” “Mançester Siti” ilə müqaviləsinin müddəti mövsümün sonunda bitəcək İlkay Gündoğanın keçidini artıq həll edib. “Culemanía”nın əməkdaşı Viktor Malonun məlumatına görə, Kataloniya klubu qarşıdakı mövsüm üçün artıq iki transfer əməliyyatını bitirib. Söhbət türk əsilli almaniyalı yarımmüdafiəçidən və “Atletik”in müdafiəçisi İnyiqo Martinesdən gedr. Bu keçidlərin rəsmiləşməsi “Barsa”nın üzləşdiyi “maliyyə feyr-pleyi” problemi üzündən uzana bilər. Bu fikir xüsusən də Martinesin müqaviləsinə aiddi. Gündoğanın transferindən sonra baş məşqçi Xavi üçün əsas prioritet hücumun, əsasən də sol cinahın gücləndirilməsidi. Klub “Atletiko”nun vingeri Yannin Ferreyra-Karraskonu dəvət edə bilər. Həmçinin hücumçu-bombardirin alınması yönündə iş gedir. “Çelsi”dən Pyer-Emerik Obameyanq və “Atletiko Paranaense”dən Vitor Roke əsas variantlardı. Markus Türamın pul ödənilmədən transfer olunması da mümkündü.
Komandanın iki oyunçusu – Ansu Fati ilə Ferran Torres də son vaxtlar medianın və azarkeşlərin diqqət mərkəzindədi. Onlar gözlənilən oyunu sərgiləmir və bu üzdən haqlı tənqidə məruz qalırlar. Forvardlara yönələn əsas irad az qol vurmaları ilə bağlıdı: Fati 41 oyunda 7, Ferran isə 37 oyunda 6 dəfə fərqlənib. Klub onların mümkün keçidi haqda şayiələri təkzib etsə də, əməkhaqqı cədvəlini yüngülləşdirmək üçün ilk növbədə bu iki futbolçunun “qurban veriləcəyi”, demək olar, heç kimdə şübhə doğurmur. “Barselona” Çempionlar Liqasının növbəti mövsümündə daha uğurlu çıxış etmək üçün heyəti ciddi şəkildə gücləndirməyi düşünür. Fatiyə görə 40 milyon avrodan az təklif edən klubların müraciətinə baxılmayacaq. Torreslə bağlı da təxminən eyni vəziyyət yaranıb. Onun hətta sonradan mütləq alınmaq şərti ilə icarəyə verilməsi də mümkündü.