"Kəpəz" Misli premyer-liqasının 12-ci turunda Gəncədə "Qarabağ"la heç-heçə etdi - 0.0.
Meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov oyundan sonra jurnalistlərin önünə çıxdı.
- Ölkə futboluna böyük töhvə verən komandaya qarşı oynadığımızı bilirdik. Bizim üçün çətin oyun oldu. Hər şeyə rəğmən komandamız yaxşı oyun keçirdi. İlk hissədə olan qol epizodlarımızdan yararlana bilsəydik, qələbə də qazana bilərdik. Rəqib komandanın da imkanları oldu. Ədalətli nəticə heç-heçə idi. Stadionumuzu dolduran azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini hiss etdik.
- Bu mövsüm ilk dəfədi ki, 5-li müdafiə ilə oynadız. Güclü rəqiblərlə oyunda bu silahdan istifadə edəcəksiniz?
- “Qarabağ”ın gücünü cinahlarda görürük. Biz “Qəbələ” və “Turan Tovuz”la oyunlarını analiz etmişdik. Fasilədə bu sistem üzərində çalışdıq.
- İkinci hissədə ilk yarıdakı təzyiqi görmədik. Bu nə ilə bağlı idi?
- Komandamız bu gün qol buraxmadı. Az qol buraxmağımızın səbəbi bizim kompakt oynamağımızdı. İlk hissədə yaxşı epizodlarımız oldu. İkinci yarının əvvəli də pis keçmədi. Ehtiyat qüvvəmiz çox deyil. Futbolçuların tez bərpa olması üçün çalışırıq.
- 2 aya yaxın Gəncədən uzaq düşəcəksiz. Bu sizi narahat etmir?
- Dekabrın 22-nə kimi 6 oyunumuz var. Bizim üçün hər matç ağırdı. Çətin dövr olacaq. Sıx qrafikə uyğun olaraq çalışacağıq. Ən önəmlisi bərpa prosesləridi.
- “Kəpəz” avrokuboklar zonasındadı. Azarkeşlər də komandanı Avropada görmək istəyir. Bu sizi narahat etmir?
- Bu fikir klubun içinə sıçrasa, eyforiyaya qapılmış olarıq. Qarşımıza qoyulan məqsədə çatmalıyıq. Komanda avrokuboklara düşə bilsə, böyük, gözlənilməz hadisə olar.
ƏSƏD SEYİDOV
"Ədalətli nəticə heç-heçə idi" - Azər Məmmədov
Ölkə futbolu / Manşet





