Aprelin 12-də Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib.
Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev və premyer-liqa klublarının nümayəndələri iştirak edib. İclasdan sonra KK bəyanat yayıb:
“Klublar Komitəsi AFFA İcraiyyə Komitəsinin 7 mart 2023-cü il tarixində keçirilən iclasında “Futbolun inkişafı ilə bağlı dövlət tərəfindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi” ilə bağlı müzakirə aparıb. Müzakirənin yekununa əsasən KK bildirir ki, mövsüm ərzində futbolçuların xarici yüksək liqaların birinə transfer olunması və ya icarəyə göndərilməsi (minimum 1 mövsüm) istiqaməti üzrə xərclənməli olan 150 min manat vəsaitlə bağlı müvafiq meyarlar hüquqi baxımdan tam aydın deyil (məsələn, futbolçunun hansı xarici ölkəyə, hansı müddətə transferi və s.). Qeyd edilib ki, müvafiq meyarların aydınlaşdırılması ilə bağlı mövsüm ərzində KK tərəfindən dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, buna adekvat və aydın izah verilməyib. Həmin 150 min manat vəsaitin verilməməsinin klubların maddi durumuna ciddi neqativ təsir etdiyini nəzərə alaraq, KK təkidlə müvafiq vəsaitin aprel ayı ərzində klubların hesabına köçürülməsi məsələsinə baxılmasını xahiş edir”.
Bundan başqa, klublar bəyanatda “Qadın futbolunun inkişafı”, “Futbol klubunun əvəzedici komandası”, “Futbol klubunun regionda filialının, akademiya və ya seksiyasının açılması və onun davamlı fəaliyyəti” istiqamətləri üzrə vəsaitlərin xərclənməsi ilə bağlı ciddi problemlərin olduğunu AFFA İcraiyyə Komitəsinin diqqətinə çatdırıb. Məsələn, “Sabah” əvəzedici istiqaməti üzrə əvvəlcədən məsələnin aydın olmaması ucbatından əvəzedici komandaların yarışında iştirak etməmək barədə qərar qəbul edib və sonradan müvafiq istiqamət üzrə vəsaitin ayrılması klubun idman inkişafına neqativ təsir edib. Qadın futbolu və regionda bölmələrin açılması kimi istiqamətlər də klublar üçün gözlənilməz qərar olmaqla yanaşı, futbolun ümumi inkişafı baxımından yetərli qədər əsaslandırılan kimi görünmür. KK təkidlə xahiş edir ki, xüsusilə son iki istiqamət (qadın futbolu və regional bölmə) üzrə vəsaitlərin ayrılmasının məqsədəuyğunluğu ilə bağlı məsələ növbəti mövsüm üçün ciddi şəkildə müzakirə predmeti olsun.
Daha bir diqqətçəkən məqam klublara ayrılan 3 milyon manatın xərclənməsi ilə bağlıdı. AFFA klublara ayrılan vəsaitin legionerlərə sərf olunmasının əleyhinə çıxış edir. Ancaq elita təmsilçiləri bu şərtlə razılaşmır:
“Ölkədə futbolun inkişafı güclü klub futbolunun mövcudluğundan asılıdı. Klublar da, təbii ki, Azərbaycanda olan yerli futbolçu qıtlığını nəzərə alaraq, əcnəbi futbolçuların xidmətindən istifadə etmək məcburiyyətindədi. Klubların dayanıqlı inkişafı, həmçinin onların Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etməsi belə əcnəbi futbolçuların düzgün seleksiyası və keyfiyyətli legionerlə uzunmüddətli müqavilələrin bağlanması ilə düzünə bağlıdı. Təbii ki, klublar yerli futbolçuların yetişdirilməsi ilə bağlı ölkədə futbolun inkişafına cavabdeh qurum olan AFFA-nın və onun İcraiyyə Komitəsinin narahatlığını yaxşı başa düşür. Lakin ani, yetərli qədər müzakirə predmeti olmayan və klubların həm daxili, həm də xarici arenada uğurlu çıxışını, hətta mövcudluğunu böyük təhdidlərlə üz-üzə qoyan qərarların qəbuledilmə imkanları qətiyyən qəbul oluna bilməz. KK ümid edir ki, belə taleyüklü qərarlar qəbul edilməzdən əvvəl futbol “ekosisteminin” bütün iştirakçılarının (PFL, klublar və s.) rəyləri eşidiləcək. KK bir daha AFFA və İK-dan klublar üçün həyati əhəmiyyət kəsb edən legioner futbolçularla bağlı məsələlərin və qərarların istər hazırlanması, istərsə də qəbulu məsələsində daha ciddi və dərin müzakirələrin aparılmasını xahiş edir".
Göründüyü kimi, iclasda yetərincə ciddi məsələlər müzakirə edlilib və təkliflər AFFA-ya təqdim olunub. Görəsən, toplantıda daha hansı məsələlər gündəmdə olub? Bu suala cavab tapmaq üçün PFL-in vitse-prezidenti, KK-nın son iclasında iştirak edən Aslan Şahgəldiyevlə əlaqə saxladıq: