Srağa gün “Baku Marriott Hotel Boulevard”da Klublar Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Misli premyer-liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib. Sərxan Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb. Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti bir il müddətinə sədr seçilib.
“Sumqayıt”ın prezidenti Riad Rəfiyevi əvəzləyən Fariz Nəcəfovun yeni vəzifəyə təyinatı və bu postda görəcəyi işlər haqda fikrini öyrəndik:
"Əvvəla onu qeyd edim ki, Klublar Komitəsinin sədri vəzifəsinə əvvəlcədən namizədlər irəli sürülmür. Hər bir klub rəsmisi kimi bu postda görmək istəyirsə, ona adını qeyd etməklə səsini verir. Bugünkü yığıncağımızda da klub rəsmilərinin yekdil rəyi ilə məni sədr seçdilər. Onların hər birinə təşəkkür edirəm. Bildiyiniz kimi, Klublar Komitəsi AFFA-nın nəzdində fəaliyyət göstərir. Bu qurumun geniş səlahiyyətləri yoxdu, ancaq tövsiyə xarakterli fəaliyyətlə məşğuldu. Klublar Komitəsinin sədri kimi çalışacam ki, bizə müraciət edən klubların təkliflərini, şikayətlərini müzakirə edək və yaxından kömək göstərək, onlardan bacardığımız qayğını əsirgəməyək. Həmçinin bu postda olduğum müddətdə qurumun nüfuzunun yüksəlməsi üçün bütün gücümü və bacarığımı ortaya qoyacam".
Fariz bəy iclasda klublara ayrılacaq maddi yardımın nə vaxt ödəniləcəyinə də toxundu:
"Bəli, komandarın hər birinə bəlli maddi yardım ayırılıb. Bu vəsaitin nə vaxt köçürüləcəyini mən də bilmirdim. Bu məsələylə bağlı səlahiyyətli şəxslərlə söhbətdən sonra aydın oldu ki, bəzi sənədləşmə və hüquqi proseslər var. Ona görə də bir qədər zaman alacaq. Düşünürəm ki, 20-25 günə bu məsələ tam həllini tapacaq".
"Səbail"in icraçı direktoru Fərəc Əliyevin də Klublar Komitəsinin yeni sədri ilə bağlı fikrini öyrəndik:
"Fariz Nəcəfov uzun müddətdi futbolun içindədi. Onun "Qəbələ"dəki fəaliyyəti göz önünüdədi. Futbolun dərinliklərini yaxşı bilən mütəxəssis olmaqla yanaşı, həm də səriştəli rəhbərdi. Biz "Səbail" klubu olaraq, Klublar Komitəsinin sədri vəzifəsinə Fariz bəyi layiq bilmişik və onun seçilməsinə də sevinirik. Düşünürəm ki, onun sayəsində Klublar Komitəsində futbolumuza təkan verəcək yeniliklər olacaq. Fariz bəyə yeni postunda uğurlar arzu edirəm".
ABDULLA İSMAYILOĞLU