AFFA prezidenti Rövnəq Abdullayevin 2014-cü ilin yazında işlətdiyi bu fikirləri bir neçə dəfə xatırlatmışam.
Yenə də təkrarçılıq edəcəm, amma bu dəfə fərqli məqsədlə. Söhbət AFFA prezidentinin o məşhur “Sumqayıt”ı premyer-liqadan düşməyə qoymayacam, orda yerli gənclər oynayır” sözlərindən gedir. Hamımıza yaxşı məlumdu ki, cənab Abdullayevin bu sözlərindən sonra hansı oyunlar çıxarıldı və “Sumqayıt”ı sonuncu pillədən dartıb çıxardılar. Dünyanın hansısa normal ölkəsində futbola rəhbərlik edən şəxsin belə ifadələr işlətməsini eşitmək mümkün deyil. Yalnız Azərbaycanda belə hadisə yaşana bilərdi ki, o da yaşandı. Heç təəccüblənmədik də. Çünki nə birinci idi, nə də sonuncu.
Təkrarçılıq etdiyim, sizin də əhvalınızı yenidən korladığım üçün üzürlü sayın. Amma sözümün canı var. Xeyli vaxtdı ki, Azərbaycan premyer-liqasında oynayan hansısa komanda elitanı tərk etməyib. Sanki bütün həngamə qaragün “Rəvan”ı çempionatdan çıxarmaq üçün imiş. Yavaş-yavaş da “Rəvan”ın axrına çıxdılar. Nə var-nə var, kluba müstəqil iş adamı rəhbərlik edirdi, “AFFA-nın şinelindən çıxanlar” orda söz sahibi deyildi. Düzdü, bu müddət ərzində dağılan təkcə “Rəvan” olmayıb. “Xəzər Lənkəran”la “Bakı” da tarixin yaddaşına qovuşub. Özü də onların hər biri AFFA-nın nəzarətində olmayanlar idi. Müstəqil klubların sayı azaldıqca AFFA-nın da əli-qolu açıldı, vəziyyətə nəzarət etmək asanlaşdı. Daha onların sözündən heç kim çıxmırdı. 9 illik fasilədən sonra yenidən turnir cədvəlinin “zirzəmi”sində vəziyyət qarışıqdı. Görünən odu ki, AFFA-nın baş katibi Sərxan Hacıyev sözünün üstündə durmaq, sonuncu yerdən qurtula bilməyən komandanı elitadan göndərmək qərarında qətiyyətlidi.
Bu yerdə adamın yadına Rövnəq Abdullayevin həmin sözləri düşür. Çünki həmin vaxt “Sumqayıt”ın ünvanına deyilən, əslində isə həqiqətdən uzaq olan sözlər bu gün “Şamaxı”ya tam yaraşır. 2014-cü ildə “Sumqayıt”da heç də ancaq yerli futbolçular oynamırdı. Sadəcə, komandanın heyətində AFFA-nın Azərbaycan pasportu verib, “milliləşdirdiyi” futbolçular var idi. Həmin futbolçuları AFFA-nın sabiq baş katibi Elxan Məmmədov həm ictimaiyyətə, həm də Rövnəq Abdullayevə azərbaycanlı futbolçu kimi sırımağa çalışırdı. Bugünkü “Şamaxı”da isə sözün əsl mənasında yerli futbolçular oynayır. Bölgə təmsilçisinin iştirak ərizəsində bir nəfər də “saxta azərbaycanlının”, yaxud da legioner futbolçunun adına rast gəlmək olmaz. Klub rəhbərliyi və komandanın məşqçiləri yerli futbolçulardan əsl mübariz heyət formalaşdıra bilib. Birinci dövrəni zəif keçirən “Şamaxı” ondan sonra özünə gəlib, bir çox oyunlarda əzmkarlıq nümunəsi göstərib, favoritləri büdrədib. Bir çoxlarının lazımsız sayıb, heyətdən kənarlaşdırdığı futbolçular indi “Şamaxı”nın heyətində parlayır, diqqətləri üzərlərinə çəkməyi bacarır.
2014-cü ildəki məntiqlə AFFA prezidenti yenidən mikrofonlar önünə keçməli, “Şamaxı”nın şəninə tərif yağdırmalıdı. Ondan sonra da tam qətiyyətlə bildirməlidi ki, bölgə təmsilçisinin premyer-liqanı tərk etməsinə imkan verməyəcək, “Şamaxı” elitadakı yerini qoruyacaq, nəyin bahasına olur-olsun. Azərbaycan reallıqlarını yaxşı bilirik. Bu reallıqları bir müddət əvvəl “Sumqayıt”ın baş məşqçisi Samir Abasov da dilə gətirmişdi. Məlum məsələdi ki, diviziona düşən komandaya indiki kimi diqqət (pul) ayrılmayacaq. Bu isə faktiki komandanın dağılması deməkdi. “Şamaxı”nın dağılması neçə-neçə gəncin yenidən futbolsuz qalması demək olacaq. Ola bilsin, bu futbolçuların əksəriyyətini başqa klublar öz aralarında bölüşdürəcək, ayağı top tutanlar boş qalmayacaq. Lakin bir acı həqiqət də var ki, həmin klublardakı əcnəbi bolluğunda yerli gənclər “Şamaxı”dakı qədər oynamaq şansı qazanmayacaq. Beləcə ehtiyat oyunçular skamyasında gün keçirib, futboldan soyuyacaqlar.
Təəssüf ki, finişə 8 tur qalmış “Şamaxı” “Səbail”ə ən yaxın pillədə yer alıb. Sonuncu yerdəki “Səbail”lə “Şamaxı” arasındakı xal fərqi 2-yə bərabərdi. Elə də böyük fərq deyil. Reallığa baxanda görürük ki, “Sumqayıt”la “Kəpəz”in vəziyyəti nisbətən yaxşıdı, onlar təhlükəni sovuşdura bilib. Özü də onların potensialı bundan sonra aradakı fərqi qorumağa imkan verir. Deməli, əsas mübarizə məhz “Səbail”lə “Şamaxı” arasında gedəcək. Çox ümid edirəm ki, AFFA rəhbərliyi və hakimlər bu mübarizəyə qarışmayacaq, mübarizə kabinetlərdə yox, futbol meydanında gedəcək. Prosesləri diqqətlə izləməkdəyik. “Təmiz mübarizə”nin nəticəsində həm ədalət zəfər çalacaq, həm də daha çox layiq olan premyer-liqadakı yerini qoruyacaq.
AMAL