Misli premyer-liqasında 3-cü dövrəyə yekun vuruldu.
Yığmanın seçmə mərhələ oyunlarıyla bağlı çempionatda fasilə yarandı. Martın sonunda 4-cü dövrə start götürəcək. Bu mərhələdə əsas mübarizə ikinci "5-lik"də yer alan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" araslnda gedəcək. Sonuncu olacaq komanda elitanı tərk edəcəyindən “qan su yerinə axacaq”. Görəsən, hansı komanda 1-ci diviziona yuvarlanmağa daha yaxındı? Təcrübəli mütəxəssis Sənan Qurbanovun məsələ ilə bağlı fikirlərini öyrəndik:
"Çox gərgin mübarizə gedir. Komandalar arasında cuzi xal fərqi var. "Kəpəz"lə "Şamaxı"nın döyüşkənliyini müəyyən qədər önə çəkərdim. Buna rəğmən, ümumilikdə ikinci "5-liy"in 4 komandası qeyri-sabit çıxış edir. "Sumqayıt"ın vəziyyəti daha ağırdı. "Qarabağ" və "Sabah"a böyük hesabla uduzdular. Bu isə müəyyən ruh düşkünlüyünə səbəb ola bilər. "Səbail" "kimyaçılar"dan bir qədər üstün oynasa da, oyunlara 90 dəqiqə köklənə bilmir. Hansı komandanın elitanı tərk etməyə yaxın göründüyünü demək çətindi. Amma onu qeyd edim ki, hansı komanda daha aqressiv, istəkli olacaqsa, o da elitada qalacaq".
ABDULLA İSMAYILOĞLU