"Sabah"ın "Qəbələ"ni qəbul etdiyi görüşün 63-cü dəqiqəsində maraqlı hadisə baş verdi. Belə ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev və futbolçuları Əyyub Allaşla İsnik Alimi fasilədən istifadə edərək orucunu açdı. "Sabah"ın baş məşqçisi Murad Musayev isə vaxtın getdiyini bildirərək buna etiraz etdi. 3 dəqiqə sonra referi Cavid Cəlilov "Qəbələ"nin futbolçularının rahat iftar etməsinə şərait yaratdı. Lakin Musayev yenə iradını bildirdi. 4-cü hakim İnqilab Məmmədov vaxta nəzarət etdiyini söyləyərək rusiyalı mütəxəssisi sakitləşdirdi. Musayev məsələ ilə bağlı mətbuat konfransında açıqlama verdi. O, orucaçmaya etiraz etmədiyini, sadəcə, bu prosesin iki dəfə baş verməsinin yolverilməz olduğunu dilə gətirdi.
Ümumiyyətlə, bir çox ölkələrin çempionatında iftar zamanı fasilənin verilməsi qadağandı. Buna görə Murad Musayevi qınamağa dəyməz. Bununla bağlı hansısa qərar yoxdu. Bəlkə də var - biz bilmirik. Bu səbəbdən də çempionatın təşkilatçısı PFL-ə müraciət etdik. Qurumun media və marketinq direktoru Sənan Abdullayev "Football-plus.az"a bunları söylədi:
“Bununla bağlı indiyədək rəsmi qərar olmayıb. Bu daha çox mənəvi məsələdi. Lakin ümumi durumu və oruc tutan futbolçuların olduğunu nəzərə alaraq, AFFA Hakimlər Komitəsinə iftar vaxtına düşən oyunlarda futbolçuların ən azı su ilə orucunu açmasına şərait yaratmağı məsləhət görmüşük. Oruc açılmasına görə yaranan təxminən birdəqiqəlik fasilənin ümumi işə mənfi təsir göstərmədiyini düşünürük”.
İLKİN SULTANLI




