AFFA İntizam Komitəsi noyabrın 25-də 2-ci liqa klubu "Ağdaş"ın rəhbəri Ruslan Hüseynovla bağlı növbəti dəfə tədbir görməli oldu. "Şəmkir"ə qarşı keçirilən 12-ci tur matçında hakimlərə təzyiq göstərdiyi bildirilən funksionerin cəzasının üzərinə daha 4 oyun əlavə edildi. Bölgə təmsilçisi bu səbəbdən 600 manat ziyana düşdü.
Bilindiyi kimi, klub rəhbəri "Hypers"lə 8-ci tur matçında hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılmış, bölgə təmsilçisi bu səbəbdən 1000 manat cərimələnmişdi.
Maraqlıdı ki, Ruslan Hüseynovun ulduzu uzun müddətdi hakimlərlə barışmır. O, "Ağdaş"da baş məşqçi kimi fəaliyyət göstərdiyi dövrdə də dəfələrlə ədalət təmsilçiləri ilə qalmaqal yaşayıb. 2023/24 mövsümündə "Kür-Araz"a qarşı 22-ci tur oyununda hakimin qərarına etiraza görə "qırmızı" görəndən sonra "fit sahibi"ni təhqir edən mütəxəssis 5 oyun cəza alıb, klub 400 manat itirib.
2024/25 "futbol ili"nin "Füzuli" ilə 9-cu tur matçında da hakimi təhqir edən baş məşqçi növbəti 5 görüş üçün cəzalı duruma düşüb, "Ağdaş"ı 400 manat ziyana salıb. Ruslan Hüseynov "Füzuli"yə qarşı 21-ci tur görüşündə isə oyun bitəndən sonra hakimləri təhdid və təhqir edib və yenə 5 oyun cəza alıb. Klub bu dəfə də 400 manat cərimələnib. Cəmi bir həftə sonra, yəni "Şahdağ Qusar"a qarşı oyunda yenə hakimləri təhqir edən baş məşqçinin cəzasının üzərinə daha 5 oyun cəza əlavə edilib, "Ağdaş" daha 400 manat ödəməli olub.
2025/26 mövsümünün 8-ci turunda "Xankəndi"yə qarşı görüşün fasiləsində hakimləri təhqir edən mütəxəssis yenə 5 oyun cəzalanıb, bölgə təmsilçisi onun günahını 1000 manatla "yumalı olub".
Ruslan Hüseynov ölkə kubokunda da eyni qayda pozuntusuna yol verib. Belə ki, 2025/26 mövsümünün "Qaradağ Lökbatan"a qarşı 1-ci təsnifat mərhələsi oyununda qırmızı vərəqə alandan sonra hakimləri təhqir edən baş məşqçi 4 oyun cəza alıb, klubu 1000 manat itirib.
Göründüyü kimi, artıq klubun prezidenti vəzifəsində olan Ruslan Hüseynov hakimləri təhqir etməyə, klubu ziyana salmaqda davam edir. Ümumilikdə söhbət 37 oyunluq diskvalifikasiya və 4800 manat cərimədən gedir.
"Ağdaş" qohumunu xilas etməyə çalışarkən çayda boğulub dünyasını dəyişən mərhum prezident Rəhman Əliyevin mirasıdı. Kluba qarşı hakim ədalətsizliyindən söhbət gedirsə, müvafiq addımlar düzgün istiqamətdə atılmalıdı. Əks halda, cəzalar, cərimələr, klubun taleyini təhlükə altına atan əməllərin ardı-arası kəsilməyəcək.
KƏNAN BAHADIR
"Ağdaş"a rəqibdən çox zərər vuran rəhbər... - hakimləri təhqir etdiyinə görə 37 oyun cəza alıb!
Ölkə futbolu / Manşet





