''Beşiktaş'' fanatları Gürcüstan polisinin zorakılığı ilə üzləşdi - ƏTRAFLI
Dünya futbolu
''Beşiktaş''ın Avropa Liqasında liqa mərhələsinin 5-ci turu çərçivəsində Gürcüstanın Batumi şəhərində ''Hapoel Beer-Şeva''ya qarşı oyunu qalmaqalsız ötüşmədi və ciddi olaylara səhnə oldu. ''Beşiktaş'' fanatları gözlənildiyi kimi həm matçdan öncə, həm də matçın gedişində şüarlar və pankartlarla İsrailin zülmünə məruz qalan Fələstinə dəstək verdilər. Bu üzdən fanatlarla yerli polislər arasında ciddi qarşıdurma yarandı. İlk yarıda polislər Fələstin bayraqlarını almağa çalışdılar. Həmin vaxt aləm qarışdı və hakim də oyunu saxlamalı oldu. Gürcüstan polisi adi bir bayrağa görə çox kobud davranaraq hətta gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə etdi. Qarşıdurma zamanı ''Beşiktaş''ın iki azarkeşi ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirildi. Bir neçə azarkeş isə həbs olundu. Təxminən yarım saatlıq fasilədən sonra hakimlər briqadası da, oyunçular da meydana döndülər və oyun qaldığı yerdən davam etdi. Bundan başqa oyundan öncə ''Beşiktaş''lı futbolçuların israilli oyunçularla salamlaşmaması, eləcə də kapitan Orkun Kökçünün də rəqib komandanın kapitanına əl uzatmaması diqqət çəkdi. Fanatlarla polislər arasında qarşıdurma matçın ardından da stadionun ətrafında davam etdi. ''Beşiktaş'' fanatlarının Gürcüstanda zorakılığa məruz qalmasına Türkiyənin digər klubları da biganə qalmadı. ''Fənərbaxça'', ''Qalatasaray'' və ''Trabzonspor'' başda olmaqla Türkiyənin 20-yə yaxın klubu, eləcə də Türkiyə Futbol Federasiyası bəyanat yaydı. Bəyanatda Türkiyə klublarının İsrail təmsilçiləri ilə qarşılaşmalarda öz meydanında oynamaq haqqının əlindən alınması, eləcə də ''Beşiktaş'' fanatlarının başına gələnlər sərt şəkildə qınanıldı. Hətta ölkə prezidenti Rəcəp Tayyib Ərdoğan da ''Beşiktaş''ın durumu ilə yaxından maraqlanaraq kluba keçmiş olsun mesajı ünvanladı. Qeyd edək ki, bu qalmaqallı ''ev oyunu'' sonda ''Beşiktaş'' üçün uğurlu bitdi və komanda 2:1-lik qələbə ilə vətəninə döndü.





