Millimizin son iki oyunda böyük hesabla uduzması bizə elə pis təsir edib ki, hələ də bu acı məğlubiyyətin təsiri altındayıq.
İctimai qınaq, azarkeşlərin və qələm əhlinin vicdanlı kəsiminin tənqidləri AFFA-nın heç vecinə də deyil. Bunu da yaxşı bilirik. Belə olmasaydı, “boz bina”dakı başbilənlər tənqidlərdən nəticə çıxarar, ictimai rəylə hesablaşardı. Onlar bunu etmirsə, deməli, yazılanlar, danışılanlar heç veclərinə də deyil. Adamlar özlərində məsuliyyət hiss etmir, qəbul etmək istəmirlər ki, Azərbaycan futbolunun düşdüyü bu acınacaqlı vəziyyətin cavabdehi və günahkarı onlardı. Oturduqları yumşaq kreslolarını bizim üçün saxlayıb rahat kabinetlərini tərk etmək fikrində deyillər. Heç olmasa, tənqidlərdən nəticə çıxarıb, əcnəbi sevdasından əl çəkəydilər, kütləvi şəkildə “milliləşdirmə” siyasətindən imtina edəydilər. Bunu da etməyəcəklər. Məlum məsələdi ki, bu da onların şəxsi maraqlarına görədi. Əcnəbilərin gəlişindən, millidə gəlmələrin oynamasından pul qazanırlar. Ona görə də hazırkı siyasətdən əl çəkmək istəmirlər.
Acınacaqlısı odu ki, milli üzvlərinin də səsi çıxmır. Azərbaycan futbolunun üzdə olan isimləri də hazırkı durumdan narahatlıq hissi keçirib, azarkeşlərdən üzr istəmək, AFFA-nın yanlış yolda olduğunu demək istəmir. Yaxud da buna cəsarətləri çatmır. Ən azı kapitan Emin Mahmudov futbolçular adından bir üzrxahlıq yayınlaya, AFFA-nın bərbad futbol siyasətinə görə ölkə futbolunun uçurumun astanasında olduğunu etiraf edə bilər. AFFA illərdi ümidini elə bu susqun, sözə və ələbaxan futbolçulara bağlayıb. Qurumun yürütdüyü siyasət Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov kimi xaricdə yetişən azərbaycanlı futbolçuların yanına 3-4 dağıstanlı, ya da fars qoşmaqla milli komanda düzəltməkdən, bu komandanın da “sükan”ını əcnəbi mütəxəssisə tapşırmaqdan ibarətdi. Sonra da yaxalarını kənara çəkirlər ki, bəs millinin fiaskosunda bizim heç bir günahımız yoxdu, əcnəbi mütəxəssisi İcraiyyə Komitəsi təyin edir, uduzmağa öyrəşən, bunu adi hal kimi qəbul edən futbolçuları da yığmaya həmin çalışdırıcı dəvət edir.
Futbolçulardan böyük fədakarlıq gözlədiyimin fərqindəyəm. Məşhur təmsildə deyildiyi kimi, onlar dərisi boğazından çıxarılan yoldaşlarının taleyindən dərs götürür, dillərinin bəlasına düşmək, AFFA ilə Canni De Byazinin qəzəbinə tuş gəlmək istəmir. Qara Qarayev italiyalı mütəxəssisə qarşı üsyan qaldırdı, etirazını dilə gətirdi. Maksim Medvedev də komanda yoldaşına dəstək verdi, baş məşqçinin səhvlərini, hətta kapitan kimi onunla məsləhətləşmədiyini açıd şəkildə dedi. Bu gün millinin qapıları hər iki futbolçunun üzünə bağlanıb. “Qarabağ”da əsas heyət üzvü sayılan, avrokuboklarda tarix yazılmasında iştirak edən futbolçuların köməyinə millidə ehtiyac duyulmur. Təcrübəli futbolçuların da yoxluğunda komanda qapısından iki oyunda 9 top buraxır. Qəribədi ki, De Byazi də Medvedevin qolundan açılan sarğını Mahmudova verib, onu kapitanlığa layiq bilib.
Bəli, Emin yaxşı futbolçudu, elə lider keyfiyyətləri də var. Amma unutmaq lazım deyil ki, liderlik təkcə meydanda olmur. Ondan kənarda da bunu bacarmaq, cəsarətli davranmaq, həqiqəti az da olsa, demək lazımdı. Acınacaqlı məğlubiyyətlərdən sonra azarkeşlərə hesabat verməyən, üzrxahlıq etməyən kapitanın davranışlarına nə ad qoyasan?! Belə çıxır ki, De Byazi haqlı imiş. Hansı məsələdə onu haqlı hesab etdiyimi də indi deyəcəm. Ötən ilin təxminən elə bu günləri idi. De Byazi vətəni İtaliyada verdiyi müsahibədə Azərbaycan millisinin futbolçularını xaraktersiz adlandırmışdı. Düzdü, sonra AFFA əl-ayağa düşdü, çalışdırıcı dediklərini təkzib etdi. Lakin ox yaydan çıxmışdı, onu geri qaytarmaq mümkün deyildi. Elə həmin vaxt da futbolçulardan məşqçinin sözlərinə etiraz gözləyirdim. Düşünürdüm ki, onlar necə möhkəm xarakterə sahib olduqlarını ortaya qoyub, De Byazini üzrxahlığa məcbur edəcək, ondan izahat istəyəcək. Amma susdular. Sanki bu susqunluqla da onunla razı olduqlarını göstərdilər.
Emin Mahmudov “Neftçi”ylə müqaviləsinin müddətini uzatmayıb. Onun komandanı tərk etməyə, daha yaxşı şərtlərlə yeni klub tapmağa hazırlaşdığı deyilir. Elə Ramil Şeydayev də onun kimi. Kürdəmirli futbolçu “Qarabağ”dan ayrılmaq həvəsindədi. Kimsə onun qulağını doldurub ki, daha zəngin klubda oynamalı, daha yaxşı maaş almalıdı. Millinin “nəticələri” həm də elə Mahmudovla Şeydayevin nə bacardığını bizə göstərdi. Odu ki, onlar da bu acı reallığı qəbul etməli, “Qarabağ”la “Neftçi”də oynadıqlarına, orda qazandıqlarına görə xoşbəxt olmalıdılar. Bizimkilərin maksimumu elə budu. Ona görə də elə oturduqları yerdə oturmağa davam etsələr, yaxşıdı. Məndən deməkdi, özləri bilsin.
AMAL
Millimizin futbolçuları şükr etməlidi - KÖŞƏ
Yığma / Yazarlar


