MHL-də az qala bütün rekordları alt-üst edən bir hokkeyçi də var.
«Football-plus.az» xəbər verir ki, söhbət «Edmonton”un hücumçusu Konor Makdeviddən gedir. Kanadalı ulduz «Dallas”la oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Bununla da Makdevid cari mövsümdə xal sayını 131-ə (57+74) çatdırdı. O, MHL tarixinə 21-ci əsrdə 130 xal həddinə çatmağı bacaran ilk hokkeyçi kimi düşdü. Ümumiyyətlə, indiyə qədər 130 və daha artıq xal toplamağı yalnız bu hokkeyçilər bacarmışdı: Mario Lemye (1995/96 mövsümündə 161, 1992/93 mövsümündə 160), Yaromir Yaqr (1995/96 mövsümündə 149), Pet Lafonten (1992/93 mövsümündə 148), Adam Outs (1992/93 mövsümündə 142), Stiven Ayzerman (1992/93 mövsümündə 137), Teemu Selyanne (1992/93 mövsümündə 132), Pyer Türjon (1992/93 mövsümündə 137), Ueyn Qretski (1993/94 mövsümündə 130).
Makdevid əvvəllər bir mövsümdə maksimum 123 xal toplamışdı (2021/22 mövsümündə). 21-ci əsrdə buna qədər ən yaxşı nəticə Nikita Kuçerova məxsus idi. «Tampa-Bey”in rusiyalı hücumçusu 2018/19 mövsümündə 82 oyunda 128 xal toplayıb.