25 yaşlı kanadalı “Los-Anceles”lə oyunda qol və məhsuldar ötürmə ilə yadda qaldı. 67 oyunda 100 (37+63) xal toplayan hücumçu bu mövsüm 100-ə çatan ilk hokkeyçidi. Maraqlıdı ki, bombardirlər siyahısının 2-ci pilləsində də Makdevidin həmklubu Leon Drayzaytl 97 (49+48) xalla qərarlaşıb.
Drayzaytl Makdevidin uğuruna belə münasibət bildirib:
“Heyranam! Konnor zədələnməsəydi, debüt mövsümündə də 100 xal toplayacaqdı. Hər komanda onu dayandırmağa çalışır, rəqib oyunçular onunla mübarizəyə köklənirlər, ancaq hər mövsüm də 110, 120 xal toplayır. Bunu etmək çox çətindi”.
Makdevid karyerasında minimum 100 xal topladığı mövsümlərin sayını 5-ə çatdırdı. Ondan başqa yalnız 5 hokkeyçu indiyə qədər 26 yaşına çatmamış 5 mövsümdə 100 xal toplamağı bacarıb. Bunlar Ueyn Qretski, Mario Lemye, Deyl Haverçak, Bobbi Orr və Brayan Trottyedi.
Dünənki “Toronto” – “Vinnipeq” oyunu meydan sahiblərinin hücumçusu Oston Mettyus üçün əlamətdar oldu. O, cari mövsümdə keçirdiyi 62-ci oyunda qol sayını 50-yə çatdırdı. 24 yaşlı amerikalı “Toronto”nun tarixinə mövsümdə 50 və daha artıq qol vuran 4-cü hokkeyçi kimi düşdü. Klub rekordu 1981/82 mövsümündə 54 qol vuran Rik Veyvə məxsusdu. Rik daha iki dəfə 50 qol həddinə çatıb (1982/83 mövsümündə 51, 1983/84 mövsümündə 52 qol). Deyv Andreyçuk (1993/94, 53 qol) və Qeri Liman (1989/90, 51 qol) da “Toronto”nun 50 qol həddinə çatan hokkeyçilərindəndi.
Fərdi uğurlar öz yerində, komandalar arasında da seçilənlər var. Martın 30-da “Kalqari”ni 2:1 hesabıyla məğlub edən “Kolorado” cari mövsümdə 100 xal həddinə hamıdan birinci çatdı və Qərb konfransının turnir cədvəlinin önündə qərarlaşıb. Şərq konfransının liderlərinin – “Florida” ilə “Karolina”nın hesabında 98 xal var.
