''Qalatasaray''lının Bakıya gəlişi qalmaqala səbəb oldu

26.03.2023 15:42 638
Aktual / Maraqlı
Bilindiyi kimi ''Qarabağ''a qarşı dostluq və xeyriyyə oyununda iştirak etmək üçün ''Qalatasaray'' dünən axşam saatlarında Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi yığma üzvləri istisna olmaqla demək olar bütün əsas oyunçularını paytaxtımıza gətirib.

Bu oyunçuların arasında xüsusilə Əbdülkərim Bardakcının olması diqqət çəkib. Təcrübəli müdafiəçinin ''Qalatasaray''la birlikdə Bakıya gəlməsi Türkiyə futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

Məsələ burasındadı ki, Əbdülkərim Türkiyənin baş məşqçisi Ştefan Kunts tərəfindən yığmaya dəvət almışdı və digərləri kimi yığmanın düşərgəsinə yollanmışdı. Son günlər kəsgin baş ağrılarından şikayəti olan 28 yaşlı mərkəz müdafiəçisi yığmanın həkimləri tərəfindən müayinə olunmuşdu. Martın 21-də isə o, gözlənilmədən yığmanın düşərgəsindən ayrılaraq ''Qalatasaray''ın düşərgəsinə yollandı.

Federasiyanın rəsmi açıqlamasında qeyd olundu ki, ardıcıl 3 gün başı ağrıyan futbolçunun müalicəsi öz klubunda davam etdiriləcək. Martın 22-də istirahət edən təcrübəli futbolçu ertəsi gündən etibarən heç nə olmayıbmış kimi ''Cim-Bom''un məşqlərində iştirak etməyə başladı və sonda da komanda ilə birlikdə paytaxtımıza gəldi.

Hadisələrin bu cür axarı şaiyələrin yaranmasına səbəb oldu. Əbdülkərimin oruc tutduğuna görə Kunts tərəfindən yığmadan kənarlaşdırıldığı iddia edildi. Ermənistanla oyundan sonrakı mətbuat konfransında təbii ki, Kuntsa bu mövzu və Bardakcının ''Qalatasaray''la birlikdə səfərə yollanması barədə sual ünvanlandı. Almaniyalı mütəxəssisin cavabı belə oldu:

''Guya oruclu oyunçuları oynatmamağım barədə söz-söhbətlər mənim də qulağıma çatıb. Mənə maraqlıdı, bu iddianı ortaya atanlar nəyə əsaslanıb? Əbdülkərimin məsələsinə gəlincə, hər şeyə qarşıdakı günlərdə rəsmi şəkildə aydınlıq gələcək. Bizə ən son cümə axşamı Əbdülkərimi müayinə edən həkimlərdən cavab gəldi. Nevrologiya bölümündən bizə deyildi ki, futbolçunun 2 həftəlik müalicə kursuna eytiyacı var. Biz də buna əsasən onun yığmanın düşərgəsindən ayrılmasına qərar verdik''.


Göründüyü kimi Bardakcı 2 həftə yox, cəmi 1 gün istirahət etdikdən sonra klubunda məşqlərə başladı. Bu arada futbolçunun öz açıqlaması məsələni daha da qəlizləşdirib. Əbdülkərim Bakıya səfərə yollanmadan öncə ''Bəyaz TV''yə bunları dedi:

''Matça 10 gün qalmış bir futbolçu baş ağrısına görə yığmanın heyətindən çıxarıla bilərmi? Ən böyük hədəfim yığmada oynamaqdı. Necə və nə üçün heyətdən çıxarıldığımı mən də anlamadım''.


''Qalatasaray''ın idarə heyətinin üzvü Ərdən Timur isə bunları dedi: ''Əbdülkərimin öz istəyi ilə yığmanın düşərgəsindən ayrılması xəbərləri doğru deyil. Heç bir problemi yoxdu. Bir balaca baş ağrısı var idi. O da keçib getdi. Sonra məşqlərə çıxdı''.

Özü də maraqlıdı ki, ''Qalatasaray''ın Bakıya gələn futbolçuların siyahısı ilə ilə bağlı paylaşımına məhz Əbdülkərimin şəkli yerləşdirilib. ''Sarı-qırmızılar'' sanki bu hərəkətlə yığmanın məşqçilər korpusuna acıq veriblər.

ƏLİ